Avropa Liqasının “Arsenal” – “Qarabağ” matçının sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə daxil olan erməni ilə bağlı bəzi məlumatlar yayılıb.
LİVE.az qol.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu gəncin Şuşa ermənisi olduğu bildirilib.
Həmin şəxsin əynindəki geyimin üzərində erməni terrorçusu Monte Melkomyanın şəkli olub. Britaniyanın “Mirror” nəşri onun niyyətinin həm də “Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryana tərəf qaçmaq olduğunu yazıb.
Erməni gəncin bu təxribatına “Qarabağ”ın futbolçuları dərhal sərt reaksiya veriblər. Bu zaman Ağdam klubunun yerli oyunçularından kapitan Rəşad Sadıqov və yarımmüdafiəçisi Qara Qarayev fəallıq göstəriblər. Daha sonra stüardlar ermənini meydandan kənarlaşdıra biliblər.
Bu zaman tribunalara toplaşan “Qarabağ” azarkeşləri “Azərbaycan, Azərbaycan” şüarı səsləndiriblər.
"Bu təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik" – deyə Rəşad Sadıqov hadisə ilə bağlı bildirib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə klubun saytı vasitəsi ilə insidentə münasibətini açıqlayarkən bunları deyib: "Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".
Şotlandiya parlamentinin əməkdaşı, matçın azərbaycanllı diktoru Fuad Ələkbərov hadisə ilə bağlı özünün sosial şəbəkədəki səhifəsində yazıb: “London polisinin zabiti mənə dedi ki, günahkar stadiona buraxılmaqdan ömürlük məhrum olunacaq. Bundan başqa, milli zəmində nifrət yaratmağa cəhdə görə ona qarşı cinayət işi açıla bilər”.
Qeyd edək ki, bu təxribata cəhdin Avropadakı erməni diasporunun dəstəyi ilə təşkil olunduğu istisna edilmir.