Yaponiyada rekord büdcə
- 16.12.2018, 13:01,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaponiyanın 2019-cu ilin aprelindən 2020-ci ilin martınadək davam edəcək növbəti maliyyə ili üçün dövlət büdcəsi ölkə tarixində rekord məbləğdə olacaq.
Bu barədə dekabrın 15-də NHK telekanalı məlumat yayıb. Məlumatda qeyd edilir ki, hökumət növbəti il üçün 101 trilyon yen (təqribən 891 milyard dollar) məbləğində büdcə layihəsini qəbul etməyə hazırlaşır.
Xatırladaq ki, cari maliyyə ilinin büdcəsi 97,7 trilyon yen təşkil edir. Büdcənin artmasının ilkin səbəbi kimi, növbəti maliyyə ilində istehlak vergisinin 8 faizdən 10 faizə qaldırılması göstərilir. Gələn ilin oktyabrında tətbiq ediləcək yeni vergi ilə əlaqədar hökumət bir sıra stimullaşdırıcı tədbirlər, güzəştlər nəzərdə tutur ki, bunun üçün də əlavə vəsait tələb olunur.
Bundan əlavə, sosial xərclər üçün vəsaitlərin və müdafiə məsrəflərinin artırılması da planlaşdırılır. Müdafiə xərclərinin yeni silahlar alınması üçün təqribən 2 faiz artırılacağı və 5,29 trilyon yen (48 milyard dollar) təşkil edəcəyi bildirilir. Burada söhbət, ilk növbədə, ABŞ-dan "Aegis Ashore” raketdən müdafiə komlekslərinin alınmasından gedir.
Yaponiyanın 2019-cu maliyyə ili üçün dövlət büdcəsinin layihəsi dekabrın 21-də hökumətə təqdim olunacaq, gələn ilin yanvarında isə parlamentin müzakirəsinə çıxarılacaq.
AZƏRTAC