İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid hamamda bərpa işləri davam edir




Avstriyanın "Atelier Erich Pummer GmbH" şirkəti son bir il ərzində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yeni aşkar olunan orta əsrlərə aid hamamın yenidən qurulması və bərpası ilə məşğuldur.

Şirkət rəhbəri Erik Pummer Trend-ə bildirib ki, bərpa işlərə 2018-ci ilin mart ayından başlanıb.


Qoşa Qala Qapısı yaxınlığında yerləşən, təxminən XVII əsrə aid edilən hamam Bakının çar Rusiyası tərəfindən işğalından sonra hamam və onun ətraf əraziləri hərbçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub. Daha sonra hamamın günbəzləri dağıdılıb, üzəri torpaqla örtülüb.

E.Pummerin sözlərinə görə, burada ilk arxeoloji işlər 90-cı illərdə aparılıb, lakin yarımçıq qalıb: "Hazırda görülən arxeoloji işlərə isə iki ildən artıqdır başlanıb. Qazıntı işlərini arxeoloq İdris Əliyev aparıb. Arxeoloqun rəhbərliyi ilə hamam torpaq qatından təmizləndikdən sonra biz abidənin bərpasına başladıq. Mart ayından etibarən hamamın tam olaraq yenidən qurulması və bərpası işləri aparılır. İlkin mərhələdə torpaq təmizləndikdən sonra hamamın günbəzləri yenilənib. Günbəzlərdən biri tam bərpa olunub, digəri isə tikilməkdədir. Hamamda aparılan işlərin heç birində müasir texnika və avadanlıqlardan istifadə olunmur. Xırda daş parçalarının yonulmasına qədər bütün işlər əllə görülür".


Şirkət rəhbəri qeyd edib ki, hamam torpaqdan və dağıntılardan təmizləndikdən sonra dəqiq 3D ölçüləri əldə etmək üçün bura Avstriyanın "Stephen Linzinger" şirkəti dəvət olunub:

"Hazırda həmin ölçülər əsasında burada işlər davam etdirilir. Hamamın bərpası zamanı müasir dövrə aid heç nə əlavə olunmayıb və orijinallıq saxlanılıb. Sadəcə günbəzlər yenilənib və otaqlara düşmək üçün qoyulan pilləkənlər yenisi ilə əvəzlənib. Əvəzlənən daşlar qədim daşlara bənzər şəkildə yonulub. Daxildə isə sadəcə konservasiya işləri aparılacaq ki, bu günədək qalan tarixi elementlər əvvəlki vəziyyətindəki kimi görünsün".


Şirkətin meneceri Çingiz Neymanzadə isə orta əsrlərə aid hamam haqqında müfəssəl məlumatlar verib: "Ümumilikdə, hamam iki hissəyə bölünür. Birinci hissədə iri günbəzli iki əsas otaq yerləşir. Hamama daxil olduqda günbəzinin tikintisi başa çatmış otaqla qarşılaşırsan. Vaxtilə bura vestibül kimi istifadə olunub. Gələn müştərilər burada həm istirahət edib, həm də çay içib söhbət edə bilərdilər. Digər günbəzli otaq isə hamamın yuyunma otağıdır. Əsas otaq hesab edilən bu yerdə həm isti, həm də soyuq vannalar olub. Ətrafda digər otaqlar da var. Biz belə hesab edirik ki, həmin otaqlardan biri ibadət üçün nəzərdə tutulub".

Onun sözlərinə görə, tarixi tikilinin ikinci hissəsi qazanxana və oraya gedən yoldur: "Hamamın özünəməxsus orijinal mühəndislik işləri və keramikadan hazırlanmış boru kəmərləri sistemi olan qazanxanası varmış. Bərpa işləri bitdikdən sonra həmin yol şüşə tavanla örtüləcək. Bu isə ona görə nəzərdə tutulub ki, yağış yağanda su dolmasın. Vaxtilə qazanxanadan hamamın bir neçə istiqamətinə isti borular çəkilib. Borular otaqların bir neçəsində döşəməyə istilik verib. Hamamı tikən şəxslər çox unikal düşüncə və biliyə malik olublar. Onlar gildən istifadə edərək düzəltdikləri borular vasitəsilə həm divarları, həm də döşəmələri isidiblər".

Ç.Neymanzadə qeyd edib ki, hamamın qarşı tərəfində platforma quraşdırılacaq. Ziyarətə gələn qonaqlar həmin platformaya qalxaraq hamamı ümumi şəkildə görə biləcəklər.


Şirkət rəhbəri E.Pummerin sözlərinə görə, ərazidə tapılan (birmənalı olaraq tarixi abidəyə məxsusdur), hamamın tikintisində istifadə olunan taxta parçasının köməyi ilə abidənin dəqiq yaşını öyrənmək niyyətindədirlər:


"Qara şam ağacından düzəldilmiş bu taxta parçası tikilinin tam orijinal bir hissəsidir. Hamam tikilən zaman dirək kimi istifadə olunub. Biz bu taxta parçasının köməyi ilə hamamın neçənci ilə aid olduğunu öyrənəcəyik. Taxta parçasından kəsərək Almaniyadakı institutların birinə ekspertizaya göndərmişik. Yaxın zamanda ekspertizanın cavabları bilinəcək".

E.Pummer bildirib ki, hamamın yuxarı hissəsində 6 metrlik quyu da olub: "Quyunun yanında quraşdırılan və gildən hazırlanan boru torpağın altı ilə suyu birbaşa qazanxanaya ötürürdü".


2019-cu ilin dekabr ayında bərpa işlərinin yekunlaşdırılması və hamamın tam olaraq təhvil verilməsi nəzərdə tutulur.
















Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri