Gəncənin 4000 illik tarixi qeyd olunub

Gəncənin 4000 illik tarixi qeyd olunub Gəncə şəhərinin 4000 illik tarixinin araşdırılmasına həsr olunan konfrans keçirilib.

Trend-in məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbirin açılışında bildirib ki, Azərbaycan xalqı əsrlərlə milli-mənəvi dəyərlərini müstəqil şəkildə tədqiq edə bilməyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin əməyi nəticəsində Azərbaycanın hər bir diyarı inkişaf edir və Gəncə şəhəri də bu inkişafda öz xüsusi yerini tutur.

E.Vəliyev Gəncənin tarixi ilə bağlı aparılan arxeoloji qazıntılardan danışıb və bu prosesin davam etdiriləcəyini vurğulayıb. O, qeyd edib ki, bu gün Gəncə tarixi simasını qoruyub saxlamaqla yanaşı, müasirləşir və inkişaf edir.

Tədbirdə çıxış edən YUNESKO-nun fəxri baş katibi Federiko Mayor Saraqosa Gəncənin tarixinin, həmçinin Nizami Gəncəvi irsinin araşdırılmasının əhəmiyyətindən danışıb. O, əmin olduğunu bildirib ki, şəhərin tədqiqi zamanı arxeoloqlar dəyərli elmi nəticələr meydana çıxaracaq: "Hər kəs öz tarixini tədqiq etməli və çalışmalıdır ki, gənclər bunu öyrənsinlər".

Gəncə şəhərinin tarixi əhəmiyyətindən danışan F.M.Saraqosa dahi şair Nizami Gəncəvinin irsinə də toxunub və onun əsərlərini dünya incisi adlandırıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova isə bildirib ki, Gəncənin arxeoloji qazıntıları daş dövründən başlayan tarixi əhatə edir. M.Rəhimova müxtəlif zamanlarda görkəmli Avropa arxeoloqlarının Gəncədə apardığı arxeoloji qazıntılar barədə məlumat verib. O vurğulayıb ki, AMEA tərəfindən yenidən arxeoloji ekspedisiya yaradılacaq və şəhərin daha qədim tarixi ilə bağlı araşdırmalar aparılacaq.

M.Rəhimova bu iş üçün xarici ekspertlərin, alimlərin dəvət olunmasını təklif edib.

Gəncədən olan millət vəkili Asəf Hacıyev çıxışında bildirib ki, artıq Azərbaycanın tarixində elə bir an gəlib ki, öz tariximizə nəzər salmalıyıq və onu dəqiqləşdirməliyik. O vurğulayıb ki, tarixi, mədəniyyəti zəngin olan Gəncəyə bu gün öz siması qaytarılır.

Milli Məclisin deputatı Mübariz Qurbanlı isə çıxışında deyib ki, Gəncə iqtisadi, mənəvi baxımdan çox mühüm yer tutur. O, qeyd edib ki, müstəqillik əldə edildikdən sonra Azərbaycanın tarixi daha geniş öyrənilir.

Konfransda YUNESKO-nun baş katibi İrina Bokovanın, İordaniya Haşimilər Krallığının şahzadəsi Nur Əl-Hüseynin, Pakistanın Kəşmir Universitetinin professoru Əhməd Nasim Şahın, Asiya Mədəni Tarix Proqramının direktoru Pol Mişel Teylor, Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digərlərinin tədbirə ünvanlanan təbrik məktubları da oxunub.
Şərhlər
Sosial bölməsinin xəbərləri