“Makedoniyalı İsgəndər və Atropat” kitabının təqdimatı olub
- 20.12.2018, 13:32,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dekabrın 19-da Bakı Kitab Mərkəzində Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun Azərbaycan və rus dillərində “Makedoniyalı İsgəndər və Atropat” kitablarının təqdimatı keçirilib.
LIVE.az məlumatı verir ki, Mərkəzin “Tarixlə üz-üzə” layihəsi çərçivəsində reallaşan təqdimat mərasimində çıxış edən Həsən Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən belə bir mədəniyyət və ədəbiyyat ocağının - Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. Diplomat bu Mərkəzin gələcək nəslin maariflənməsində, mütaliə məsələlərində mühüm rol oynayacağını qeyd edib.
Kitab barədə məlumat verən Həsən Həsənov qeyd edib ki, nəşrdə iki mövzudan - Azərbaycan adlı müstəqil dövlətin yaranması, süqutu və Azərbaycan adlı dövlətin müstəqilliyinin bərpasından bəhs olunur. Azərbaycan dövlətinin ilk dəfə eramızdan əvvəl VII əsrdə yaradılmasının kitabda tarixi faktlarla sübut olunduğunu qeyd edən müəllif deyib: “Azərbaycan dövləti yaranana qədər tarixdə nə Fars dövləti, nə də Ermənistan adlı bir dövlət olmayıb. Mən iki mötəbər mənbəyə - Suriyada “Karxi de Bet Selox” və IV əsr Roma tarixçisi Ammian Martsellinə istinad etmişəm. Birinci mənbədə Arbat tərəfindən Adorbayqan adlı dövlətin yaradılması, ikinci mənbədə isə Atropatena adlı dövlətin məhz Assuriya imperiyasının süquta uğraması nəticəsində yaradılması göstərilir. Sovet İttifaqı dövründə tarixçi Ammian Martsellinin əsərinin tərcüməsi zamanı məhz bu fikirlər ixtisara salınmışdı. Sovet dövründə tarixçilərə bu iki mənbəyə istinad etmək qadağan olunmuşdu. Hamı Strabonun dediklərinə istinad edirdi. Strabon isə Atropatenanın yarandığını deyil, yenidən bərpa edildiyini yazırdı”.
Diqqətə çatdırılıb ki, “Makedoniyalı İsgəndər və Atropat” kitabında qədim Azərbaycan dövləti olan Atropatenanın əslində eramızdan əvvəl IV əsrdə deyil, VII əsrdə yaranmasından bəhs olunur. Belə ki, indiyə kimi tarix kitablarında Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 321-ci ildə yarandığı bildirilir. Təqdim edilən kitabda bu fikirlərin yanlış olduğu faktlarla, tarixi mənbələrə istinadla sübuta yetirilir. Müəllif sübut edir ki, Atropatena dövləti Assuriya imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 612-ci ildə yaranıb. Əslində Atropatena dövləti eramızdan əvvəl IV əsrdə yaradılmayıb, bərpa olunub.
Sonra Həsən Həsənov oxucuların suallarını cavablandırıb, müəllifi olduğu kitabları imzalayaraq onlara təqdim edib.