Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 ili tamam olur



Bu gün Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi qeyd olunur.

Trend-in məlumatına görə, M.Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı qəsəbəsində anadan olub. 1936-cı ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirib, Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda - indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.

1941-ci ildə orduya çağırılıb, 1942-ci ildə Tbilisidə piyada hərbi məktəbini qurtarıb. Həmin ilin iyulunda Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak edib, avqustda Kalaç şəhəri yaxınlığında ağır yaralanaraq əsir düşüb. Ukrayna, Polşa, İtaliya və keçmiş Yuqoslaviyanın hərbi əsir düşərgələrində olub. M.Hüseynzadə 1944-cü ilin əvvəllərində bir qrup yoldaşı ilə əsirlikdən qaçıb və Yuqoslaviya partizanlarına qoşulub. Partizan hərəkatının lideri, "Mixaylo" təxəllüsü ilə tanınan Mehdi alman faşistlərinə qarşı mübarizədə cəsurluğu ilə əfsanəvi şöhrət qazanıb.

Məlumatlara əsasən, 1944-cü ilin payızında M.Hüseynzadənin başçılığı ilə bir qrup partizanın İtaliyanın Udine şəhərindəki faşist həbsxanasına hücumu nəticəsində 700 hərbi əsir, o cümlədən 147 sovet əsgər və zabiti azad edilib. Mehdi keçmiş Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci diviziyasının qərargahı yanında xüsusi kəşfiyyat qrupu yaradıb və onun başçısı olub.

Faşistlər "Mixaylo"nu ələ keçirən, yaxud öldürən adama 500 min reyxsmarka mükafat təyin etmişdilər. Növbəti tapşırığı yerinə yetirib geri qayıdarkən faşistlərlə üz-üzə gəlmiş əfsanəvi qəhrəman qeyri-bərabər döyüşdə xeyli düşmən məhv etmiş və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdur. Əvvəl Vitovle, sonra isə Çepovan kəndində dəfn olunub.

Sonuncu döyüşdə axırıncı gülləsini əsir düşməsin deyə, öz ürəyinə sıxmış Mixaylonu partizan yoldaşları böyük ehtiramla dəfn ediblər. Çepovan adlı yerdə qəhrəmanın qəbir daşında bu sözlər həkk olunub: "Rahat yat, Azərbaycan xalqının qəhrəmanı, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".

Bu gün məşhur azərbaycanlı qəhrəmanın adını daşıyan məktəb fəaliyyət göstərir, bundan başqa, qəsəbə, küçə və bir gəmi onun adınadır.

1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Qələbə meydanında unudulmaz qəhrəmanın heykəli qoyulub, haqqında kitablar, o cümlədən tanınmış yazıçılar H.Seyidbəyli və İ.Qasımov onun qəhrəmanlıqlarını əks etdirən "Uzaq sahillərdə" povestini yazıb və 1957-ci ildə eyniadlı film çəkilib.

2006-cı ildə Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı əldə olunan razılaşmaya əsasən 2007-ci ildə M.Hüseynzadənin abidəsi açılıb.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri