Dünya Azərbaycanlılarının Həmrəylik Günü Berlində qeyd olunub

 



Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ildə Planlar və Perspektivlər” adlı tədbir keçirilib.

LİVE.az xəbər verir ki, tədbirdə Azərbaycanın Almani­yadakı səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz, diaspor rəhbərləri, Almaniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb və qarşıdan gələn bayramlarını təbrik edib. Y.Musayev təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb. O, tədbirin keçirilməsində verdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və səfirliyə öz təşəkkürünü ifadə edib. Y.Musayev Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəyliyə çağırıb.

 


Tədbirdə Bakı Media Mərkəzinin əməkdaşı Tahir Əliyev çıxış edərək iştirakçıları salamlayıb, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Son iclas” bədii-sənədli film haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin son günlərinə işıq salan və milli hökumətin yekun qərarı hansı çətin şəraitdə qəbul etdiyini əks etdirən “Son iclas” filmi tədbirdə nümayiş olunub. Film iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirə dəvət olunmuş azərbaycanlı sənət adamlarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçı­larına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.





 
Şərhlər
Sosial bölməsinin xəbərləri