Ernan Krespo: “Çelsi”, “İnter” və “Latsio” klublarından ikisini Bakıda final qarşılaşmasında görmək istərdim
- 23.12.2018, 18:48,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İlk dəfədir Azərbaycana səfər edirəm. Təəssüflər olsun ki, ölkənizi gəzmək imkanım olmadı. Növbəti dəfə gələndə çalışacağam ki, daha çox vaxtım olsun və gözəl paytaxtınız ilə yaxından tanış olum.
LIVE.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində UEFA-nın ulduz səfiri qismində Azərbaycana səfəri zamanı argentinalı sabiq futbolçu, dünya şöhrətli hücumçu Ernan Krespo dekabrın 23-də təşkil olunmuş brifinqdə deyib.
Təzəlikcə Argentinanın “Banfild” klubuna baş məşqçi təyin olunduğunu bildirən E.Krespo deyib: “Çalışacağam ki, gələn il Bakıda təşkil olunacaq final oyununa gəlim. “Çelsi”, “İnter” və “Latsio” klublarından ikisini final qarşılaşmasında görmək istərdim. Bu komandaların heyətində çıxış etmişəm və onlara böyük hörmətim var. Cari mövsümdən Avropa Liqası çox güclü turnirə çevrilib. Avropa nəhəngləri bu turnirdə birincilik uğrunda mübarizə aparırlar”.
“Təşkilatçılıq yüksək səviyyədədir. İmza günündə mənimlə görüşmək üçün gələn hər kəsə öz təşəkkürümü bildirirəm. Bu tədbirdən çox böyük həzz aldım. Düşünmürdüm ki, Bakıda mənim bu qədər azarkeşim var”, - deyə əfsanəvi futbolçu əlavə edib.
Qeyd edək ki, “İnter” komandasının heyətində üç dəfə İtaliya çempionu olmuş E.Krespo “Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.
Ötən il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edib.