Azərbaycanın zəlzələdən zərər çəkən Zaqatala rayonunda yeni tikilmiş evlərin təqdimatı olub.
APA-nın məlumatına görə, bu gün Zaqatala rayonunda Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa edilən 92 ev sakinlərin istifadəsinə verilib. Rayonun Aşağı Tala kəndində Fövqəladə Hallar Nazirliyi və Zaqatala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yeni inşa olunan evlərin sahiblərinə təqdim olunması mərasimi keçirilib.
Mərasimdə bildirilib ki, açılışı edilən 92 evin inşasına bu ilin martında başlanıb. Həmin vaxt FHN-nin rəyi əsasında həmin evlər qəzalı hesab edilərək sökülüb, yerində isə 2, 3 və 4 otaqlı mənzillər inşa olunub. Yeni mənzillərin açarlarını alan sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.
Qeyd edək ki, FHN ötən il respublikanın Şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikanı açıqlayıb.
FHN-dən APA-ya verilən məlumata görə, 15 iyul 2013-cü il tarixinə qədər zəlzələ bölgəsində 59156 ev və sosial obyektə baxış keçirilib, 6065 ev və sosial obyektə qəzalı, 11 236 ev və sosial obyektə bərpa, 24101 ev və sosial obyektə təmir, 17754 ev və sosial obyektə isə qənaətbəxş rəyi verilib.
Hazırda evlərə və sosial obyektlərə texniki baxışların keçirilməsi davam etdirilir. Baxış aktlarına əsasən müəyyən olunmuş 5848 ədəd qəzalı evlərdən Zaqatalada 3153, Qaxda 343, Balakəndə 365, cəmi 3861 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb və 1231 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılıb.
Sosial obyektlərdən 36 məktəbin, o cümlədən, Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. 27 iyun 2013-cü il tarixədək 6240 şagird yerlik 25 məktəb binası, 55 yerlik 1 uşaq bağçası tikilib istifadəyə verilib. Zaqatala rayonunun Muxax kəndində 480 şagird yerlik məktəb binası bərpa edilib və gücləndirilib.
Hazırda Zaqatala rayonunun Danaçı kəndində 540, Suvagil kəndində (1 saylı) 500, Aşağı Tala kəndində (1 saylı) 360, Çobankol kəndində 220 şagird yerlik, Qax rayonunun Güllük kəndində 200 şagird yerlik, cəmi 1820 şagird yerlik 5 məktəb binaları tikilərək, yerli icra orqanlarına təhvil verilməyə hazırdır.