Ali məktəblərə qəbul müsabiqəsi iki mərhələli oldu


Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.

Qaydalara əsasən, bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir.

Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir.

Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanının birinci mərhələsini, eləcə də bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər.

Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində ali təhsil pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər.

Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

Buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edən abituriyentlər buraxılış imtahanı çərçivəsində verdikləri xarici dildən fərqli xarici dil bilikləri tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün qəbul imtahanının birinci mərhələsi çərçivəsində tələb edilən xarici dildən imtahan verməlidirlər.

Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə

keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir.

Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

I ixtisas qrupu imtahan fənləri riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), II ixtisas qrupu üzrə riyaziyyat (nisbi əmsal:1,5), coğrafiya (nisbi əmsal:1,5) və tarix (nisbi əmsal:1), III ixtisas qrupu üzrə qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1), IV ixtisas qrupu üzrə biologiya (nisbi əmsal:1,5), kimya (nisbi əmsal:1,5) və fizika (nisbi əmsal:1) olacaq.

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər.

Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir.

Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti hər mərhələdə 1 saat artırılır.
Şərhlər
Sosial bölməsinin xəbərləri