“Xətai" stansiyasında köhnə eskalatorların sökülməsi başa çatıb


“Xətai" stansiyasında 50 illik istismar müddətini başa vurmuş eskalatorların yeniləri ilə əvəz olunması prosesi əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun qaydada davam etdirilir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə veridiyi xəbərə görə, artıq hər 3 avadanlığın tam sökülərək stansiyadan çıxarılması başa çatdırılıb: "Lakin bu, köhnə eskalatorlarla bağlı işlərin tam həll olunması və yenilərinin dərhal quraşdırılmağa başlaması demək deyil. Eskalatorların nəhəng fundamentinin söküntüsü ağır və vaxt aparan işdir. Söküntü işlərinin növbəti mərhələsində planlaşdırılmış bu tədbirlər qarşıdakı bir ay ərzində başa vurulacaq və həmin sahənin yeni eskalatorların quraşdırma tələblərinə uyğunlaşdırılmasına başlanılacaq".

Qeyd edək ki, burada sökülmüş "LT-2" tipli 3 eskalatorun əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin "Victoria Tube" tipli 4 eskalatoru quraşdırılacaq. "Xətai" stansiyası dərin özüllü və ən əsası, bir giriş-çıxışlı olduğundan, 4 eskalatorun quraşdırılması sərnişinlərin təhlükəsizliyini gücləndirməyə və onların daha rahat hərəkətini təmin etməyə imkan verəcək. Onu da xatırladaq ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində 3 köhnə eskalator 4 ədəd yeni eskalatorla əvəzlənmişdi.

Qurum rəsmisi qeyd edib ki, eskalatorların yenilənməsi ilə əlaqədar, sərnişinlərin giriş-çıxışı bağlanmış stansiyada əsaslı təmir və yenidənqurma işləri də davam etdirilir:

"Burada hazırda eskalatorun dartı kamerası 4 müasir eskalatorun texniki quraşdırma tələblərinə uyğunlaşdırılır. Demontaj kamerasında eyni zamanda, dayaqlar gücləndirilir, beton örtük bərpa edilir.

Eskalatorla bağlı ən əhəmiyyətli və təhlükəsizlik baxımından xüsusi diqqət tələb edən digər məsələ maili gedişin beton pillələrinin sökülməsi idi. 140 metr uzunluğunda olan enişdə söküntü işləri yüksək təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi sayəsində uğurla başa çatdırılıb.

Stansiyanın yerüstü vestibülündə də işlər davam edir. Burada üzlük daşlarının sökülməsi başa çatdırılıb. Bünövrənin gücləndirilməsi, eləcə də binanın damında izolyasiya işləri üzrə hazırlıq tədbirləri başlanıb.

Qarşıdakı müddət ərzində vestibülün memarlıq baxımından əhəmiyyət kəsb dən şəbəkələrinin və Şah İsmayıl Xətaiyə həsr olunmuş ədəbi kompozisiyanın bərpa olunması da nəzərdə tutulub.

Bununla yanaşı, stansiyanın birinci baş yolunun əsaslı təmir olunması işləri də davam etdirilir. Hazırda tavanda suaxarların yönləndirilməsi məqsədilə xüsusi örtüyün vurulması və işıqlandırma konstruksiyasının karkasının qurulması işləri başa çatmaq üzrədir. Bununla yanaşı, "Xətai-Cəfər Cabbarlı" mənzilinin ikinci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da uğurla aparılır".


Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri