Tarixçi səfir: “Azərbaycan” adlı dövlət e.ə. 612-ci ildə yaranıb



“Mən Roma tarixçisi Ammian Marsellin (IV əsr) və “Karki de Bet Selox” adlı Suriya xronikasına (V əsr) istinad edərək bildirirəm ki, “Azərbaycan” adlı dövlət e.ə. VII əsrdə yaranıb”.

LİVE.az-ın KİV-lərə istinadla verdiyi məlumata görə, bunu Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənov AMEA Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında “Azərbaycan” adlı dövlətin yaranma tarixi barədə danışarkən deyib.

H.Həsənov iclasda tarixçi alimlərə “Azərbaycan” adlı dövlətin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya barədə ətraflı məlumat verib. O bildirib ki, Atropatena ölkəsinin adı müasir “Azərbaycan” anlayışının fonetik versiyasıdır: “İndiyə kimi elmimizdə Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra e.ə. 321-ci ildə yarandığı bildirilir. Əslində Atropatena e.ə. IV əsrdə yaradılmayıb, e.ə. 321-ci ildə sadəcə olaraq onun müstəqilliyi bərpa olunub. Adları çəkilən qədim Suriya və Roma mənbələri əsas verir ki, e. ə. 612-ci ildə Aşşur imperiyasının süqutu nəticəsində “Atropatena (Adorbayqan)” adlı dövlətin yarandığını təsdiq edək”.

H.Həsənov qeyd edib ki, e.ə. 612-ci il “Azərbaycan” adlı dövlətin yarandığı ildir.

Tarixçi alimin sözlərinə görə, dövlətimizin və xalqımızın adlarının əsasını təşkil edən Atarpatena/Atropatena/Adorbayqan sözü nə fars, nə də yunan mənşəlidir:

“V əsr Suriya mənbəsinə görə, onun kökündə 2700 il bundan əvvəl dövlətimizi yaradan sərkərdənin valilik titulu olan “Arpat” və yaxud “Orbay” durur. Atropatenanın ərazisi şimal-qərbdə Qara dənizə, şimalda isə Baş Qafqaz dağlarınadək olan əraziləri əhatə edirdi”.

H.Həsənov məruzəsində bildirib ki, Albaniya dövləti e.ə. I əsrdə yaranıb:

“Albaniya dövlətinin yarandığı ərazi e.ə. 612-ci ildən e.ə. II-I əsrlərə qədər Adorbayqan/Atropatena/Atarpatena adlanan dövlətin tərkib hissəsi olub. Alban çarlığı kimmerlərin Qamir dövləti və skiflərin Aşquz çarlığının hüquqi varisi sayılır”.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, H.Həsənovun Elmi Şurada qaldırdığı məsələlər ilk mənbələrə və elmi ədəbiyyata, xüsusən qərb mənbələrinə və Avropa tarixçilərinin əsərlərinə əsaslanır: “Ona görə də ciddi elmi maraq doğurur. Elmdə yeni fikirlər süngü ilə qarşılanmamalı, onlara layiqincə yer verilməli, tədqiqatlar daha da genişləndirilməlidir”.


Şərhlər
Sosial bölməsinin xəbərləri