Səudiyyə Ərəbistanında Azərbaycana ərəb turistlərinin axınına yardım edəcək “yol xəritəsi” hazırlanır
- 11.01.2019, 13:06,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Səudiyyə Ərəbistanında Turizm Assosiasiyaları Konfederasiyası Azərbaycana ərəb turistlərinin cəlb olunmasına yardımı nəzərdə tutan “yol xəritəsi” hazırlayır.
Live.az-ın xəbərinə görə, bunu Trend-ə Azərbaycan – Ərəb ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Y.Əliyevin sözlərinə görə, “yol xəritəsi” beş il müddətinə nəzərdə tutulub. Əməkdaşlığın bütün aspektləri Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən əlaqələndiriləcək. İcraçı direktor əlavə edib ki, ərəb tərəfi də Azərbaycana turistlərin cəlb olunması ilə məşğul olacaq və ölkəyə investisiyaların azı 5 faiz səviyyəsində illik artımını təmin edəcək.
Ərəb ölkələri ilə əməkdaşlığın genişləndirilməsi üzrə planlardan danışan Y.Əliyev qeyd edib ki, bu il Azərbaycan nümayəndə heyətlərinin Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyaya səfərləri planlaşdırılır:
“Ötən il Azərbaycana İordaniya, İraq, BƏƏ və Qətərdən nümayəndə heyətləri səfər edib. Analoji görüşlər bu il də baş tutacaq. Hesab edirəm ki, səfərlərin dəqiq tarixləri yanvarın sonunadək məlum olacaq. Bundan başqa, Bakıda birinci Azərbaycan-ərəb investisiya forumu kimi irimiqyaslı tədbirin keçirilməsi nəzərdə tutulur. Bu məsələ yaxın günlərdə Beyrutda Ərəb Assosiasiyaları Palatası ilə müzakirə olunacaq”.
Qeyd edək ki, ötən ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayında ən böyük artım Fars körfəzi ölkələrindən qeydə alınıb. 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən il Azərbaycana gələn turistlərin sayı Səudiyyə Ərəbistanından 2,2 dəfə, Bəhreyndən 2,1 dəfə, Küveytdən 1,9 dəfə, Qətərdən 1,6 dəfə, İraqdan 10,4 faiz, Omandan 8,5 faiz artıb.