Manatın məzənnəsini “Biq Mak”a görə hesabladılar: 2.4 dəfəlik fərq var


Böyük Britaniyanın “The Economist” nəşri ənənəvi “Biq Mak” indeksini açıqlayıb və Azərbaycan 2.32 indeksi göstərib. Türkiyədə bu indeks 2.28, Rusiyada 2.09 hesablanıb.

 2018-ci il indeksinə əsasən, Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsini 2,4 dəfə üstələyir.

İndeksdə ilk beşlikdə İsveçrə, İsveç, Norveç, ABŞ, Kanada qərarlaşıb.

Qeyd edək ki, indeks ABŞ-ın “McDonalds” şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburqerin qiyməti əsasında tərtib edilir.

Ekspertlər hesab edir ki, bütün dünyada hamburqerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir və buna görə də “Biq Mak”ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında hər bir ölkənin milli valyutasının real dəyərini öyrənmək olar.

Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan “Biq Mak”ın qiyməti götürülür.


Hazırda həmin qiymət 5,6 ABŞ dollarıdır. Əgər hər hansı ölkədə “Biq Mak”ın dollar ifadəsində bundan bahadırsa, deməli, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən aşağı, əgər ucuzdursa, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən yuxarıdır.

Məsələn, hazırda Azərbaycanda “Biq Mak” 3,95 manata və yaxud 2,3 dollara satılır. Bu isə o deməkdir ki, “Biq Mak” indeksinə görə Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsindən 2,4 dəfə çoxdur.

İqtisadçı Rəşad Həsənov deyir ki, bunu müsbət göstərici hesab etmək olar, ancaq nəzərə almaq lazımdır ki, “Biq Mak” primitiv bir indeksdir və reallığa yaxınlıq ehtimalı o qədər də güclü deyil. Çünki dəyişənlər səbəti nə qədər çox olursa, bu halda reallığı görmək imkanları da artır.

“Burada əsas amil alıcılıq gücünün ölçülməsidir və sonra bu indiqatorlara tətbiq edilir. Çində 200 dollar alan adamla Azərbaycanda  200 dollar alanın alıcılıq imkanları eyni deyil. Çünki Çində bu normal dolanışıq üçün kifayət edir, Azərbaycanda isə yox. Avropada isə ümumiyyətlə 200 dolların alıcılıq dəyəri çox aşağıdır, yəni ölkələr üzrə alıcılıq dəyəri fərqlidir”.


Oxu.Az 
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri