Azərbaycan ötən il Rusiyadan ən çox silah alan beşinci ölkə olub

Azərbaycan ötən il Rusiyadan ən çox silah alan beşinci ölkə olub Ötən il Rusiyada hərbi ticarətinin regional strukturunda Azərbaycan 5% payla beşinci yerə sahib olub. APA-nın məlumatına görə, bu barədə Rusiyanın nüfuzlu «Voenno-promışlennıy kuryer» nəşrində dərc olunmuş hesabat-analizdə bildirilib.

Ümumilikdə Rusiyanın hərbi ixracatının strukturunda ilk üçlükdə 40% payla Hindistan, ikinci yerdə 14% payla Əlcəzair, 10% payla Vyetnam dayanıb. Sonrakı üç yeri isə hər biri 5% payla Çin, Azərbaycan və Venesuela tutub.

2012-ci ildə Rusiya sifarişlər üzrə 1 milyard 444 milyon dollar dəyərində helikopter texnikasının çatdırılmasını təmin edib. Ötən il Rusiya Hindistana 27 ədəd Mi-17V-5 (440 milyon dollar dəyərində), Azərbaycana – 16 ədəd , Əfqanıstana – 12 ədəd (214 milyon dollar dəyərində) və Koreya Xalq Demokratik Respublikasına 8 ədəd, Misirə 6, İndoneziyaya 6, Meksikaya 3, Cənubi Sudana isə 2 ədəd Mi-8/17 tipli helikopter təhvil verib. Azərbaycana çatdırılan helikopterlərdən 12-si Mi-35M modeli olub.

Bundan başqa, ötən il Rusiya Venesuelaya 16 ədəd BMP-3, 30 ədəd BTR-80A, Qazaxıstana 30 ədəd BTR-82, Banqladeşə 20 ədəd BTR-80A, Monqolustana 40 ədəd BTR-70M, Azərbaycana BTR-80/80A, Küveytə BMP-3 və Konqoya QAZ-2330 "Tiqr" maşınları satıb. Hesabat dövründə Azərbaycana, Əlcəzairə, Hindistana və Vyetnama gəmi əleyhinə raketlər ixrac edilib.

2012-ci ildə Azərbaycan həmçinin Rusiyadan bir neçə ədəd «Skorpion LŞA» və «Skorpion LŞA-B» tipli yüngül zirehli avtomobil alıb.

Qeyd edək ki, BMT-nin Adi Silahlar Registrinə təqdim edilmiş məlumatlara görə, 2012-ci ildə Rusiya Azərbaycana 18 ədəd iri çaplı artilleriya sistemi (Msta-S), 1200 ədəd daşınan zenit-raket kompleksinin (200 buraxıcı qurğu və 1000 raket) satışını gerçəkləşdirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri