Dövlət Gömrük Komitəsində xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası ilə bağlı görüş təşkil olunub.
Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavinləri, baş idarə rəisləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dünya Bankının, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Görüşün əsas məqsədi "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması qaydası barədə biznes subyektlərini bilgiləndirmək olub.
Bununla bağlı çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayil Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 21 dekabr 2018-ci il tarixli, 427 saylı Fərmanına əsasən "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası" təsdiq edilib. Bu il fevralın 1-dən "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq ediləcək.
Diqqətə çatdırılıb ki, bu addımda məqsəd idxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsini təmin etmək, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarını tətbiq etmək, gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirmək, eləcə də idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqla beynəlxalq ticarəti asanlaşdırmaqdır.
İsmayıl Hüseynov vurğulayıb ki, yeni sistemin tətbiqi gömrük orqanları ilə münasibətdə sahibkarlar arasında könüllü riayət, qarşılıqlı etimad prinsiplərinin formalaşmasına şərait yaradacaq, bu da ölkənin ixrac potensialının, xarici ticarət dövriyyəsinin və iqtisadi qüdrətinin artmasında mühüm rol oynayacaq.
Sonra DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyev "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi və ləğvi, sistemdən istifadə üçün müraciət formasının hazırlanması və digər prosedurlar barədə təqdimatla çıxış edib.
Tədbirdə "Yaşıl dəhliz" buraxılış sistemi əsasında mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin və onlara gömrük nəzarətinin müasir tələblər səviyyəsində təşkili ilə bağlı maarifləndirici videoçarxlar da nümayiş etdirilib.
Sonda sahibkarların sualları cavablandırılıb, onlara "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydasına dair maarifləndirici materiallar paylanılıb.