Yük avtomobilinin törətdiyi qəza nəticəsində bağlanan Bakı-Quba yolu artıq açılıb

Bakı-Quba avtomobil yolunun Sumqayıt dairəvi adlanan hissəsinin 32-ci kilometrliyində bu gün səhər saat 08.00 radələrində yol təsərrüfatına ciddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Mürsəliyevin sözlərinə görə, normadan bir neçə dəfə artıq yüklənmiş "Shacman" yük markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yolun orta hissəsində yerləşən ayırıcı əyrixətli tirə çırpılıb:
"Hadisə nəticəsində xəsarət alan olmasa da, yol təsərrüfatına ciddi zərər dəyib və həmin nəqliyyat vasitəsi yararsız hala düşüb".
O bildirib ki, 140 paqon/metr əyrixətli tir yararsız vəziyyətə düşüb.

Mürsəliyev qeyd edib ki, "Azəryolservis" ASC-nin müvafiq texnika və işçi qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda həmin nəqliyyat vasitəsinin yükü ekskavatorla digər nəqliyyat vasitəsinə boşaldılır, yük boşaldıqdan sonra isə "Shacman" markalı yük maşını kranla avtoqoşquya yüklənib yoldan çıxarılacaq.

Qəzanın səhər saatlarında baş verməsinə baxmayaraq, hələ də qəzaya uğrayan nəqliyyat vasitəsini yoldan uzaqlaşdırmaq mümkün olmayıb. Saat 12:00-dən etibarən yolun 32-ci km-də Qubadan Bakı istiqamətində, saat 12.23-də isə Bakıdan Quba istiqamətində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Quba istiqamətində hərəkət edən bəzi nəqliyyat vasitələri əks istiqamətli yola çıxaraq işlərin aparılmasına maneçilik yaradırlar.

"Hazırda yolda hərəkət tam dayandırılıb. Sürücülər alternativ Z.Tağıyev-Sumqayıt avtomobil yolundan istifadə edə bilərlər".
Qəzaya uğrayan maşını həddindən artıq yükləndiyindən iki qaldırıcı kran və avtoqoşqu onu yoldan kənarlaşdıra bilmirlər.
Mürsəliyev bildirib ki, artıq yük avtomobili yoldan götürülərək hərəkət bərpa edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri