Abşeronun 3 əsr görən mayakı



Azərbaycanda mayakların tikintisinə hələ XIX əsrdə başlanılıb

XXI əsrdə naviqasiya sisteminin sürətli inkişafı ilə mayaklara ehtiyac azaldı, hətta, demək olar, yoxdur. Artıq dünyada bir çox mayaklar sökülüb, bir sıra ölkələrdə isə tarixi abidə kimi mühafizə olunur. Azərbaycanda isə...

XIX əsrin ortalarından etibarən Abşeron yarımadasının sahil zonalarında, eləcə də Abşeron və Bakı arxipelaqına aid bəzi adalarda (Çilov, Böyük Zirə, Kür Dili, Səngi-Muğan adaları) mayakların tikintisinə başlanıldı.

Tarixi arayış: Abşeron sahillərində mayakların yaradılması ideyası 1852-ci ildə Rusiya İmperiyasının Qafqaz canişinliyi tərəfindən irəli sürülsə də, vəsait çatışmazlığı səbəbindən bu təklif həyata keçmir. Lakin 1857-ci il sentyabrın 14-də Şüvəlan burnu yaxınlığında iri "Quba" gəmisinin zədələnməsindən sonra dəniz nəqliyyatı vasitələrinin təhlükəsizliyi məsələsi ön plana keçdi. Bu məqsədlə Abşeronun şimal sahillərində üç mayak – Abşeron, Nardaran (Amburan) və Şüvəlan mayakları inşa edildi.

Azərbaycandakı mayaklardan ən irisi Gürgən qəsəbəsi ərazisində yerləşən Abşeron mayakıdır. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində tikilən dəniz mayakı 1860-cı il oktyabrın 23-də istifadəyə verilib.

Baxımsız vəziyyətdə olsa da, 25 metr hündürlüyə malik mayak tağ şəkilli iri qapısı, qapının kənarlarındakı oyma naxışları, kiçik tağ formalı pəncərələri, yuxarı mərtəbədə xüsusi işlənmiş eyvan altlığı ilə gözəl görüntü yaradır və tarixi abidə kimi mühafizə olunmağa layiqdir. Lakin təəssüf ki, daş qülləyə qalxmaq giriş qapısı bağlı olduğundan mümkün deyil. Belə təəssürat yaranır ki, qapıya vurulan paslı qıfıl uzun illərdir açılmır.

Qüllənin zirvəsinə daxildən 102 dairəvi pillənin uzandığı bildirilir. Vaxtilə əks etdirdiyi işıq 38 km məsafədən görünməklə gəmilərin Abşeron yarımadası və Pirallahı adası arasındakı boğaza təhlükəsiz girişini təmin edib. Mayakın işıq yayan şüşələri həmin dövrdə Fransadan gətirilib.

Mayakın yerləşdiyi qayalıqlardan möhtəşəm mənzərə açılır. Budur, üfüqi vəziyyətdə uzanan Pirallahı adası və ucu-bucağı görünməyən dəniz... Bu yüksəklikdə, demək olar, hər zaman külək əsir. Özünü bir qədər boş buraxsan, güclü külək səni hətta qayalıqlardan aşağı ata bilər.

Mayakın yaxınlığında köhnə tikililər də var. Belə məlum olur ki, burada vaxtilə mayakın işçiləri məskunlaşıblar. İndi isə bu sınıq-salxaq evlərdə ins-cins gözə dəymir.

Haşiyə çıxaraq qeyd edək ki, Abşeronda mayaklar mövcud olmamışdan əvvəl tarixən bu funksiyanı Şirvanşahlar dövründə yarımada ərazisində tikilmiş qalalar həyata keçirib. Əsrlər boyu istehkamların, o cümlədən, Bilgəh, Mərdəkan, Nardaran qalalarının yuxarı hissəsində tonqallar qalamaqla gəmilərə yol göstərilib. Dəniz mayakları istifadəyə verilməmişdən bir müddət əvvəl isə Qız qalasının mayaka uyğunlaşdırılmasına başlanılıb. 1858-ci il iyunun 13-də Qız qalasında 15 km məsafədən görünən, gecə vaxtı Bakı buxtasına girişə işarə verən mayak atəşi yandırılıb. Düz 1907-ci ilədək Qız qalasından mayak kimi istifadə olunub.

Hazırda Gürgən ərazisində ayrılmış 750 ha sahədə yeni şəhərin salınması istiqamətində layihələndirmə işləri həyata keçirilir. Layihə əsasında 707 ədəd yaşayış binasının tikintisi planlaşdırılır. Yeni salınacaq şəhərdə 120 min nəfərin məskunlaşması mümkün olacaq. Pirallahı Rayon İcra Hakimiyyəti burada su idman növlərinin inkişafı üçün müvafiq tədbirlərin görüləcəyini, həmçinin mayakın əsaslı şəkildə təmir olunacağını bildirir.


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri