2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.
Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 29 milyard 224,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 18 milyard 928,5 milyon dollar, idxalın dəyəri 10 milyard 295,5 milyon dollar təşkil edib, nəticədə 8 milyard 633,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,6 faiz, o cümlədən ixrac 35,9 faiz, idxal 32,1 faiz artıb. Real ifadədə isə dövriyyə 1,1 faiz, o cümlədən ixrac 1,0 faiz, idxal 1,2 faiz artıb.
İxracın 31,0 faizini İtaliyaya, 8,7 faizini Türkiyəyə, 6,2 faizini İsrailə, 4,6 faizini Çexiyaya, 4,2 faizini Hindistana, 4,1 faizini Almaniyaya, 4,0 faizini Tayvana (Çinin əyaləti), 3,3 faizini Rusiyaya, 3,2 faizini Kanadaya, hər biri 3,0 faiz olmaqla İndoneziya və Portuqaliyaya, hər biri 2,5 faiz olmaqla Gürcüstan və Fransaya, qalan 19,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi Rusiya, 14,0 faizi Türkiyə, 10,2 faizi Çin, 5,7 faizi Almaniya, 4,9 faizi İsveçrə, 4,6 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,6 faizi İran, 3,5 faizi Yaponiya, 3,0 faizi İtaliya, 2,4 faizi Birləşmiş Krallıq, 27,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2018-ci ilin yanvar-noyabr aylarında 1 milyard 531,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 10,5 faiz, real ifadədə isə 1,4 faiz çoxdur.