Coğrafiya İnstitutu: Təbii fəlakətlərdən hər il Azərbaycana 250-300 milyon dollar zərər dəyir



Hesablamalara əsasən, Azərbaycan ərazisində təbii proseslərdən dəyən orta çoxillik zərər təxminən 250-300 milyon dollardır ki, bu da ölkənin illik ümumi daxili məhsulunun 0,4-0,5 faizini təşkil edir.

Bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

Şöbə müdiri bildirib ki, yalnız 2000-2014-cü illərdə təbii fəlakətlər nəticəsində Azərbaycan iqtisadiyyatına orta hesabla 2,5-3 milyard manat ziyan dəyib:

"Respublika ərazisində təbii fəlakət nəticəsində dəyən zərərin həcmi ilk növbədə onun bölgə və yaşayış məntəqələri üzrə əhatəliliyindən, daha sonra isə texnogen proseslərin intensivliyindən, təkrarlanmasından asılıdır. Ən çox zərər yaradan isə geoloji (zəlzələ, sürüşmə, uçqun) və hidrometeoroloji (sel, daşqın, subasma, doluvurma) proseslərdir".

Alimin sözlərinə görə, respublikada fəaliyyət göstərən sığorta şirkətlərinin nə nizamnaməsi, nə yığım fondu, nə də ümumi kapitalı iri həcmli təbii fəlakətlər zamanı əhaliyə sığorta yardımı göstərilməsinə imkan verir. Bununla belə, təbii fəlakətlər zamanı əhaliyə və təsərrüfat sahələrinə böyük həcmdə zərər dəydikdə dövlət ikinci sığortaçı kimi çıxış edir.

N.Paşayev hesab edir ki, təbii fəlakətlərdən sığortaolunmanın səmərəli ərazi təşkli üçün sığorta növləri inkişaf etdirilməli, çoxnövlü sığorta şirkətlərinin yaradılmasına maliyyə köməyi göstərilməli və digər tədbirlər həyata keçirilməlidir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri