Ekspert: Davosda dünyaya bir daha göstərildi ki, Dağlıq Qarabağ üzrə danışıqların başqa formatı qeyri-mümkündür



Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü qeyri-rəsmi xarakter daşısa da, bir sıra məqamlara görə maraqlı və diqqətçəkicidir. Bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ötən il müxtəlif vaxtlarda Sankt-Peterburqda və Düşənbədə keçirilmiş qeyri-rəsmi görüşlərin davamı olan axırıncı Davos görüşündən sonra Ermənistanda baş nazirə qarşı hücumların güclənməsi təsadüfi deyil və əslində görüşə sadəcə qeyri-rəsmi görüşlərin davamı kimi baxmağa əsas verməyən ciddi amillərdən biridir:

"Forumun rəhbəri bu görüşün baş tutmasını niyə vacib bildi və vasitəçilik etdi? Əsasən dünyanın iqtisadi problemlərinin birbaşa müzakirəsi üzrə ixtisaslaşan Davos Forumunda belə bir görüşə təşəbbüs göstərilməsi həqiqətən düşündürücüdür və müəyyən diplomatik mənaları var. Dünya İqtisadi Forumunun rəhbərliyi bizim regionda, xüsusilə də Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən iqtisadi, ticarət, investisiya, nəqliyyat-tranzit layihələrinin böyük nəticələrini sozsüz ki, izləyir və Dağlıq Qarabağ probleminin həlli ilə regionumuzda inkişaf və rifah proseslərinin yeni mərhələsinin başlayacağına əmindir. Bu mənada Forum rəhbərliyinin təşəbbüskarlığını Azərbaycan Prezidentinin regional təhlükəsizlik və infrastruktur layihələr siyasətinə birbaşa dəstək jesti kimi başa düşmək lazımdır. Həm də tək bu mənada yox, Forum rəhbərliyi Ermənistanın qeyri-konstruktiv mövqeyinin və münaqişənin həll olunmamasının regional inkişaf yolunda böyük maneə olduğunu da erməni liderə anlatmaq istədi".


A.Quliyev qeyd edib ki, bu faktor sülh danışıqları prosesində Azərbaycan Prezidentinin səyləri ilə yaradılmış mühüm diplomatik üstünlük kimi nəzərdən keçirilə bilər: "Azərbaycanın diplomatik üstünlüyünü göstərən başqa bir amil də var. Bu ondan ibarətdir ki, axırıncı görüş sıra ilə üçüncü olsa da, Paşinyan və onun komandasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək cəhdlərinin tam süquta uğradığı bir dövrdə baş verdi. Yəni danışlqların ancaq Azərbaycanla Ermənistan arasında aparılmasından ibarət format tam qalib gəldi".



Ekspert əlavə edib ki, Davosda Prezident İlham Əliyevlə Paşinyan arasında görüş Azərbaycanın bu qəti qələbəsinin son akkordu kimi çox dəyərlidir: "Dünyaya bir daha göstərildi ki, danışıqların başqa formatı mümkünsüzdür. Onu da deyək ki, bu görüş daha çox Ermənistanın baş nazirinə lazım idi. Çünki o, sülh danışıqları prosesində yeni simadır, bir çox məsələlərdən tam xəbərdar deyil, Paşinyana yüksək danışıqlar üçün hərtərəfli hazırlaşmaq lazımdır. Bu mənada Davos görüşünü Paşinyanın rəsmı danışıqlara hazırlaşması yolunda onun ehtiyac hiss etdiyi vacib pillə saymaq olar. Bütün hallarda Azərbaycan Prezidenti diplomatik və psixoloji üstünlüyü öz əlində saxladı. Fikrimcə, Ermənistanda Paşinyana qarşı görüşdən sonra başlanmış kampaniyada bu amilin rolu az deyil".
Şərhlər
Siyasət bölməsinin xəbərləri