Azərbaycanda dünya ulduzlarının yer alacağı tarixi filmin hazırlıqlarına başlanıldı



"Run Group" şirkətinin media layihəsi olan "Run Film" şərti adı "İrəvan xanlığı" olan tarixi janrda bədii filmin çəkilişi üçün hazırlıqlara başlayıb.

Filmin istehsalı üçün xaricdən ən müasir texniki avadanlıqlar gətiriləcək. "İrəvan xanlığı" filminin ərsəyə gəlməsi üçün bir sıra ölkələrin, o cümlədən Türkiyə, İran, İsveç, İsrail və ABŞ-dan şirkətlər cəlb olunacaq. Bununla bağlı artıq müvafiq müqavilələr də bağlanıb.


Növbəti mərhələdə böyük bir ərazidə İrəvan qalasının maketi qurulacaq, eyni zamanda müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihə əsasında böyük pavilyonda İrəvandakı xan sarayının identik modeli inşa ediləcək.

Filmin baş prodüseri Rəşad Cəfərov, baş rejissoru isə Namiq Ağayevdir. Filmdə tanınmış azərbaycanlılarla yanaşı, bir sıra tanınmış əcnəbi aktyorlar da rol alacaq. Onların arasında Hollivud ulduzlarının olacağı istisna deyil.


"İrəvan xanlığı" filmində yanlışlıqlara yol verilməməsi və onun ən yüksək səviyyədə hazırlanması məqsədilə "Run Film" bir sıra müvafiq dövlət qurumları və elmi təsisatlarla sıx əməkdaşlığını davam etdirəcək.

Tarixi janrda ərsəyə gələcək bədii filmdə 15-20 min nəfərlik kütləvi döyüş səhnələri də yer alacaq. Həmin kadrlar kompüter qrafikasının köməyi ilə deyil, canlı olaraq real insanların iştirakı ilə çəkiləcək.

Film Cənubi Qafqazda baş verən tarixi həqiqətlərin dünyaya çatdırılmasına və erməni yalanlarının ifşa edilməsinə kömək edəcək. Filmin yaradıcıları İrəvan qalasının və xanlığının yaranması tarixçəsini, onun Azərbaycanın digər xanlıqları və xarici dövlətlərlə münasibətlərini geniş əks etdirmək, erməni məsələsinin üstündən isə bir-iki məqamla keçmək niyyətindədirlər. Çünki ermənilərin İrəvana və İrəvan xanlığına, ümumiyyətlə bu bölgəyə heç bir aidiyyətı yoxdur. Ona görə də filmdə erməni məsələsi çox qabardılmayaq, lakin onların həmin ərazilərə, yəni indiki Ermənistana Rusiya İmperiyası tərəfindən digər yerlərdən köçürüldüyü və erməni xisləti ilə bağlı digər məsələlər mütləq yer alacaq.


Qeyd edək ki, şərti adı "İrəvan xanlığı" olan film "Run Film"in ərsəyə gətirdiyi sayca ikinci bədii film olacaq. Bundan əvvəl isə şirkət "Ol" adlı kinofilmin təqdimatını həyata keçirmişdi. "Run Film"in istehsalı olan "Ol"un nümayişinə icazə verilməsi üçün artıq bir neçə ölkədən sifariş daxil olub.

Bundan əlavə, "Run Film"media layihələri çərçivəsində sifariş əsasında reklam, şirkətlərin sıfırdan tanıdılması, brend yaratma və s. fəaliyyətlərlə də məşğuldur. Artıq "Run Film"in istehsal etdiyi bir sıra reklam videoçarxları, eləcə də Azərbaycanın xarici investorlar üçün maraq doğura bilən bölgələri barədə kiçik tanıtım filmləri böyük maraqla qarşılanıb.

Xatırladaq ki, fəaliyyətini Azərbaycanda, əsasən, qeyri-neft sektoruna investisiyaların cəlb olunması istiqamətində quran "Run Group" şirkəti bir sıra sahələrdə ardıcıl uğurlar qazanmaqda davam edir. Şirkət layihələri ilə inkişaf etməkdə olan Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxması üçün öz töhfəsini verməyə çalışır. Bu məqsədlə dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri, fondları, elm, təhsil, tibb müəssisələri ilə sıx beynəlxalq əlaqələr quran şirkət hazırda Azərbaycanda tikinti, turizm, səhiyyə, media və kino sənayesi sektorlarında, həmçinin sosial sahədə genişmiqyaslı layihələr gerçəkləşdirir.


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri