Azərbaycanda indiyə qədər 1 200-dən çox dövlət əmlakı özəlləşdirilib
- 28.01.2019, 12:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda indiyə qədər dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 209 hərrac keçirilib.
“Report”a daxil olan məlumata görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində keçirilmiş müşavirədə komitənin sədri Kərəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, bu hərraclardan 75-i rəqabətli şəkildə baş tutub. Hərraclar nəticəsində 1 200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.
Bundan başqa, sədr deyib ki, əmlak idarəçiliyi sahəsində ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotunun qurulması və rəqamsal xəritələrin hazırlanması işləri artıq 30 rayonda tamamlanıb, ötən ildən başlayaraq vətəndaşlar həmin işlərdən faydalanmağa başlayıb. İlk pilot layihə kimi Salyan rayonunun Parça Xələc kəndində start verilib. Bu layihə çərçivəsində 600-ə yaxın pay torpaqlarının hüquqi mülkiyyətçilərinə məlumat bildirişləri təqdim edilib.
Həmçinin, K.Həsənovun sözlərinə görə, ötən il torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1 245 hal üzrə inzibati protokollar tərtib edilib. Kənd təsərrüfatı məqsədi ilə (əkinçilik və heyvandarlıq) 69 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu dövrdə 2 117 müraciət üzrə 8 805 hektar bələdiyyə torpaqları müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, 35 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub.