Sentyabrda Bakıda “Mahmud və Məryəm” filminin təqdimatı olacaq

Nizami Kino Mərkəzində xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyniadlı filmin təqdimatı olacaq.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, filmin təqdimat mərasimi sentyabr ayına planlaşdırılır: “Azərbaycanfilm”in 90 illiyi ilə əlaqədar bir sıra layihələrə start veriləcək ki, bunlardan biri də “Mahmud və Məryəm” filminin Bakıda geniş təqdimatıdır. Təqdimatın sentyabrın neçəsinə təsadüf edəcəyini qabaqcadan demək çətindir, amma ay ərzində bu filmin təqdimatı mütləq olacaq. Türkiyədən aktyorlar, rejissorlar dəvət olunacaq. Nizami Kino Mərkəzində bir gün təqdimat keçiriləndən sonra filmin nümayişləri davam edəcək”.

“Mahmud və Məryəm” filmi romantik, dram janrında çəkilib. Filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir. Mahmud Gəncəli Ziyad xanın oğlu, Məryəm isə Keşişin qızıdır. Hadisələrin mərkəzində isə Mahmudla Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir. Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Çəkilişlərə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri