"London taksiləri" ilə bağlı narazılıqlara münasibət




Bakıda son illərdə ictimai nəqliyyatda xidmət səviyyəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülsə də, bu sahədə hələ də bir sıra problemlər qalmaqdadır. Bu, həm sərnişin avtobuslarına, həm də taksi xidmətinə aiddir. Sərnişinlər, xüsusilə taksi xidmətindən narazılıqlarını bildirirlər. Bu narazılıq həm qiymət, həm gecikmələr, həm də xidmət səviyyəsinin aşağı olmasından irəli gəlir.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Trend-ə açıqlamasında rəhbərlik etdiyi qurumun qeyd olunan narazılıqlarla bağlı məlumatlı olduğunu və taksi xidməti sahəsində bunun hazırda mövcud olan nizamsızlıq və vahid qaydaların olmaması ilə bağlı olduğunu qeyd edib. Bununla yanaşı, İdarə Heyətinin sədri taksi xidməti ilə bağlı tələblərin artıq hazırlanaraq hökumətə göndərildiyini bildirib:

"Taksi ictimai nəqliyyatın bir az daha lüks mərhələsidir. Buna baxmayaraq, yenə ictimai nəqliyyatın bir hissəsidir. Fikrimcə, taksi fəaliyyəti ilə şirkətlər məşğul olmalıdır, bunun da nəticəsində özəl sektor inkişaf etməlidir. Özəl sektor olduğuna görə isə biz sadəcə tənzimləmə, nəzarət və sərnişinlərə düzgün xidmətin parametrlərini təqdim etməliyik. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən bütün taksilərin xidmətləri ilə bağlı tələblər hazırlanaraq hökumətə təqdim edilib".

Qurum rəhbəri deyib ki, təkliflərə müsbət cavab verilib: "Cavablar müsbətdir. Tələblər qüvvəyə mindikdən sonra bütün problemlər öz həllini tapacaq".

Sərnişinlər arasında taksi xidməti ilə bağlı narazılıqlar "London taksiləri" kimi tanınan avtomobillərdən də xali deyil. Bu avtomobilləri ilk dəfə ölkəyə "Bakı Taksi Xidməti” MMC gətirsə də, hazırda digər taksi şirkətlərinin də həmin avtomobillərdən istifadə etməsi müştərilər arasında çaşqınlığa səbəb olur. Bu cür taksilərlə fəaliyyət göstərən bəzi şəxslər müştəriləri, xüsusən də ölkəmizə gələn turistləri aldatmaqla məşğuldur. Nəticədə müştərilər "Bakı Taksi Xidməti” MMC-nin tabeliyində olan taksilərdən də imtina edirlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Bakı Taksi Xidməti" MMC-nin baş direktorunun müavini Fuad Əliyev Trend-ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum bununla bağlı tədbirlər hazırlayıb: "Bizim şirkətin avtomobilləri Bakı şəhəri və Abşeron yarımadasında 500 ədəd TX4 markalı “London taksisi" ilə sərnişinlərə xidmət göstərir. Mütəmadi olaraq taksi parkı yenilənir və istismara yararlı avtomobillər sərnişinlərin istifadəsinə verilir".

F.Əliyev qeyd edib ki, "Bakı Taksi Xidməti” MMC-nin digər taksi şirkətlərindən fərqlənir: "Bizim taksilərdə həm də fiziki məhdudiyyəti olan insanlar üçün şərait mövcuddur. Bundan başqa, sürücü ilə sərnişin arasındakı arakəsmə təhlükəsizliyi və məxfiliyi təmin edir, sürücü ilə danışmaq üçün interkom sistemi, havalandırma və digər funksiyaların sərnişin tərəfindən idarə edilməsi imkanı onların rahatlığı üçün nəzərdə tutulub. Avtomobillərin hər biri taksometr cihazı ilə təchiz olunub. Beş sərnişin üçün nəzərdə tutulan geniş salon digər taksi şirkətlərinin avtomobillərində mövcud deyil".

O bildirib ki, paytaxtda fəaliyyət göstərən və hesablama sayğacı olmayan "London taksiləri" MMC-yə aid deyil: "Paytaxtda bu cür taksilərin sayı az deyil. Onların bizim şirkətə aidiyyəti yoxdur. Biz həmin taksilərdən seçilmək üçün xüsusi loqolar hazırlayırıq. Bizim taksilərin üzərində həm çağrı mərkəzimizin *1848 nömrəsi qeyd ediləcək, həm də avtomobilin üzərinə "Bakı Taksi" sözləri yazılacaq. Yeni loqoda Şirvanşahlar Sarayının şəkli də olacaq. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərən taksilərimizin üzərində "Airport" də sözü yazılıb. Bu da Hava Limanda fəaliyyət göstərən digər taksilərdən seçilməyimiz üçündür".

F.Əliyev əlavə edib ki, yuxarıda qeyd olunan işlər artıq yekunlaşmaq üzrədir: "Artıq taksilərimizin üzərinə loqoların vurulması prosesinə başlanıb. Yaxın vaxtlarda proses tam başa çatacaq və 500 taksi həmin loqolarla fəaliyyət göstərəcək".
Şərhlər
Sosial bölməsinin xəbərləri