"Nargilə dairəsi"ndə hərəkət dəyişdirilir? - BNA qaranlıq qalan məqamlara aydınlıq gətirdi



Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihəyə əsasən əvvəlki yolun hərəkət hissəsi bağlanmır.

Live.az-ın xəbərinə görə, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, “Nargilə dairəsi” adlanan ərazinin, o cümlədən Ramiz Quliyev küçəsinin yüklənməsinin qarşısını almaq üçün əlavə tədbirlər görülüb:

"Bu o demək deyil ki, "Nargilə dairəsi"nə avtomobillərin girişi məhdudlaşdırılacaq. Biz sadəcə həmin yolda yükü azaltmaq, hərəkətin təhlükəsizliyini təmin etmək, ərazidəki tıxacı azaltmaq üçün yeni layihə çərçivəsində ilkin mərhələdə şəhər mərkəzindən Zığ şosesi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin "Nargilə dairəsi"nə daxil olmadan birbaşa Həzi Aslanov qəsəbəsinə, eləcə də Ramiz Quliyev küçəsinə daxil olmadan Sadıqcan küçəsi vasitəsilə Məhəmməd Hadi küçəsinə və bu ərazidə yerləşən yaşayış massivlərinə çıxışı təmin etmişik. Yəni bu əvvəlki yolda hərəkəti məhdudlaşdırmaq anlamına gəlmir. Əvvəlki yol yenə olduğu kimi qalır və hərəkət sərbəstdir. Sadəcə həmin ərazidə avtomobil sıxlığının qarşısını almaq üçün alternativ yol təklif etmişik".

M.Ağayev əlavə edib ki, nəqliyyat yükünün paylanması, sürücülərə daha çox alternativ yolların təklif edilməsi məqsədilə Agentlik tərəfindən Zığ şosesinin Qədir Məmmədov və 823-cü keçid küçələri ilə kəsişdiyi hissələrdə də sola və ya geriyə dönmə yerlərinin təşkili və Ramiz Quliyev küçəsinə alternativ yeni yolun salınması da nəzərdə tutulub. Nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkət edə bilməsi üçün sola və ya geriyə dönmə yerləri svetoforlar vasitəsilə nizamlanacaq".

Agentlik rəsmisi vurğulayıb ki, layihənin icrası “Nargilə dairəsi" adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq: "Bundan əlavə, kəsişmələrin svetoforla nizamlanması piyada keçidlərinin təşkilinə də şərait yaradacaq".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri