“Saxta geyimləri necə seçək?”


Bu günlərdə Çin istehsalı olan paltarlara dünyaca məşhur firmaların etiketlərini vurub, satışını həyata keçirən mağazalar şəbəkəsi ifşa olundu. Bu hadisə paltarlara yapışdırılan etiketlərin orijinallığı məsələsini gündəmə gətirib.

ARB TV-nin “Günə Doğru” proqramında məsələ ilə bağlı süjet hazırlanıb.

Eyyub Hüseynov - AİB-in sədri: “Bunun çoxlu variantları var. Azərbaycanda hazırlanır üzərinə xarici etiket vurulur. Çində sifariş verilir. Deyir ki, mənə bu cür etiket vur gətir. C varinatı da var, sadəcə olaraq hansısa ölkədən alırlar malı, gətirib etiketi dəyişdirərək ən brend firmaların etiketlərini vururlar”.

Bir çox müştəri paltarların üzərindəki etiketlərin orijinal olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkir. Xüsusilə də brend firmalara məxsus etiketlərin peşəkarlıqla sex mallarının üzərinə tikilərək satışa çıxarılması müştəriləri çaş-baş salır. Nəticədə aldadılan müştəri xeyli miqdarda ziyana düşür.

Sakin: “Qiymətinə görə dəyərləndirirəm. Bahadırsa deyirəm, yəqin orijinaldır”.

Sakin: “Etiketlərinə baxıram. Ən azından satan adam fikirləşməlidir ki, bu alan ona pul verir”.

Vüqar Bayramov – İqtisadçı: “Qanunvericilik malın başqa brend adında bazara çıxarılması və satılmasına icazə vermir. Bu istehlakçıların hüquqlarının pozulması deməkdir”.

Səkinə Babayeva – Mütəxəssis: “Bir çox yerlərdə olan mağazalarda A klas deyil, B klas satılır. Amma hamı  bir markaçıyam deyə, özünü təqdim etmək istəyir, və ya, bir çox insanlar atelyelərdə özünə platar tikdirir. Ancaq bunun adını brend qoyurlar”.

Bəs saxta etiketi orijinalından necə fərqləndirmək olar? Tekstil üzrə mütəxəssislər deyir ki, saxta etiketi orijinalından fərqləndirməyin bir neçə yolu var.

Tahir Rəsulov – Mühəndis-konstruktor: “Onların xüsusi kodları var. Kodlar vasitəsilə siz bu müəssisənin internet saytına girib ordan bu malların bütün çeşidlərinə baxa bilərsiniz. Həqiqətən də bu maldan saytında varsa, demək var bu mal. Yoxdursa, sadəcə olaraq saxta olduğunu bilmək olar”.

Paltarın üzərində həm malı istehsal edən ölkənin, həm də markanın etiketləri ayrı-ayrı olmalıdır ki, bu da məhsulun orijinalını saxtasından ayırmağa kömək edir.

Tahir Rəsulov – Mühəndis-konstruktor: “Orada barkod yazılır, həmin o barkodda hər bir ölkənin, firmanın, özünün kodları olur. Onunla bilmək olar”.

Səkinə Babayeva – Mütəxəssis: “Düşünürəm ki, gələcəkdə Azərbaycanda dizayn qruplar yaradılmalıdır. Və bu dizayn qruplar kəmiyyətə deyil, keyfiyyətə daha böyük diqqət etməlidir”.

Bütün bunlarla yanaşı, geyim alarkən etiketin dəyişdirilməsi və ya saxtlaşdırılması ilə bağlı şübhə yaranarsa, vətəndaşlar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri