Bakıda gözlənilən an: “Sovetski”nin sökülməsinə başlanıldı

İyulun 18-də Bakının qədim məhəllələrindən sayılan “Sovetski”nin söküntüsünə başlanılıb. Mərhələli şəkildə aparılan söküntü işləri, ilkin olaraq “Nizami” metro stansiyasından Statistika İdarəsinə qədər olan hissədəki evləri əhatə edir. Balababa Məcidov küçəsində yaşayan evləri sökülən sakinlər “Yeni Müsavat” bildiriblər ki, onlara Bakı Şəhər İcra Hakimiyyətindən, evlərinin kvadratına görə 1500 dollar pul veriləcəyi deyilib.

Sakinlər onlara veriləcək kompensasiyanın dolarla deyil milli valuta olan manatla verilməsini tələb edirlər. Onların sözlərinə görə, Bakı meriyası onlara çatacaq pulların “Kapital Bank”da açılan hesablarına köçürüldüyünü desə də, hələ də pullarını ala bilməyiblər. Sözügedən küçədə yaşayan Məmməd Bağırovun sözlərinə görə, yaşadıqları evlər sökülən kimi tikiləcək olan göydələnin təməli qoyulub:

“Qəzetlər yazmışdı ki, “Sovetski”nin yarısını məşhur ingilis tikinti şirkətlərindən biri alıb. Sahibi kimdirsə yaman imkanlıdır. Evlərin yarısını sökən kimi bir gün içərisində tikəcəkləri binanın özülünü qazdılar. Bizə 1500 manat kompensasiya verəcəklərinə görə evimizdən çıxdıq. Hələ pulumuz köçməyib. Guya deyirlər ki, 1500 dollar verəcəklər. Belə olsa həmin pulu qəbul etməyərək etiraz edəcəyik”.

İlkin mərəhələdə söküləcək küçələr isə bunlardır:

- Bəşir Səfəroğlu küçəsi
- Çingiz Mustafayev küçəsi
- Vidadi küçəsi
- Mirzağa Əliyev küçəsi (qalan evlər)
- Murtuza Muxtarov küçəsi
- Abdulla Şaiq küçəsi
- Zərgərpalan küçəsi

Söküləcək məhəllələr indidən ayrı-ayrı tikinti şirkətinə satılıb. Ərazinin bir hissəsində yeraltı dayanacağı olan parkın salınması gözlənilir. Sakinlərin sözlərinə görə, söküntü işlərinin 2014-cü ilə kimi başa çatması gözlənilir.

Qeyd edək ki, bu ilin ikinci yarısından başlayaraq hökumət Bakıda köhnə tikililərin sökülməsinə start verib. İlk növbədə Bakının mərkəzi rayonlarında (Yasamal, Səbayel və Nəsimi) söküntü işləri aparılacaq. Ekspertlər isə yaxın 20 ildə tikinti bumunun dayanmayacağını söyləyirlər. Buna səbəb paytaxtda istismar müddətini başa vurmuş çoxsaylı binaların olmasıdır.

Bakıdakı “xruşşovka” tipli binaların da tam sökülməsi nəzərdə tutulub. Hökumət şəhərin mərkəzində yerləşən 1, 2 və 3 mərtəbəli binaların kütləvi sökülməsinə də qərar verib. Bundan sonra isə şəhərdə sovet vaxtı tikilmiş 9 mərtəbəli beton binalar da söküləcək.

Qeyri-statistik rəqəmlərə görə, artıq bu günədək Bakı şəhərində 60 minə yaxın insanın evi sökülüb və onlar paytaxtın müxtəlif ərazilərində məskunlaşmalı olub. Təkcə ötən il şəhərin mərkəzində “Qış Parkı”nın tikilməsi ilə əlaqədar 5 minə yaxın əhali ev-eşiyindən didərgin düşüb.

Ekspertlərin sözlərinə görə isə, ölkəyə gələn neft dollarlarını silmək üçün hakimiyyət genişmiqyaslı tikinti layihələri həyata keçirməkdə israrlıdır.








ANS
Şərhlər
Hadisə bölməsinin xəbərləri