Qanuna 18 yaşınadək şəxslərə siqaret və spirtli içki satışını qadağan edən dəyişiklik qəbul olundu
- 19.02.2019, 15:42,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, dəyişikliklər gənclərlə bağlı bır sıra yenilikləri nəzərdə tutur. Belə ki, dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.
Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet" mexanizminin yaradılmasını təmin edəcəklər.
Həmçinin dəyişikliklərə əsasən, Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.
Dəyişikliklərdə Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı da dəqiqləşdirilib. Belə ki, gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclər siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.
"Gənclər siyasəti haqqında" qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.
Dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.