"Böyük Bakının regional inkişaf planı" layihəsi yeni ictimai nəqliyyat növlərinin tətbiqini nəzərdə tutur. Bu barədə Trend-ə layihənin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı deyib.
Eldarlı bildirib ki, hazırda Bakıda yeni ictimai nəqliyyat növlərini - sürət tramvayları, yerüstü metropoliten, metrobuslar və s. - səmərəli tətbiq etmək lazımdır: "Belə yolların şəhər daxilində və ondan kənarda, xüsusilə Bakıdan Heydər Əliyev Hava Limanı, Sumqayıt və Ələtədək çəkilməsi nəzərdə tutulur".
Onun fikrincə, şəhərətrafı qatarların tətbiqi məqsədəuyğundur: "İnsanların aralıq dayanacaqlarla hərəkət edə bilmələri üçün şəhərətrafı qatarlar orta məsafədə fəaliyyət göstərə bilərlər. Məsələn, Sumqayıtdan Ələtədək xəttin Ələt-Səngəçal-Lökbatan-Xırdalan-Sumqayıt dayanacaqları ola bilər. Bu dayanacaqlarda düşən insan yerli nəqliyyatdan istifadə etməklə istədiyi ünvana çata bilər. Onlar fəaliyyət göstərən elektrik qatarlarının analoqu olacaq, lakin sürətli və rahat olmalıdırlar".
Onun sözlərinə görə, layihənin əsas xətti ictimai nəqliyyatın inkişafı və müasirləşdirilməsi, şəbəkəsinin genişləndirilməsi, keyfiyyəti və rahatlığının artırılması, habelə ona çıxışın yaxşılaşdırılmasıdır.
Eldarlı qeyd edib ki, avtomobillərdən gündəlik istifadə 20 kilometr məsafəyədək sərfəli deyil: "Avtomobil hazırda şəhər hüdudunda aktual deyil. Avtomobil orta və uzun (25 kilometr və daha çox) məsafəyə nəqliyyat vasitəsi olmalıdır".
Layihə, həmçinin Bakı ərazisində küçə-yol şəbəkəsinin inkişafını nəzərdə tutur.
Eldarlı bildirib: "Bakıda kifayət qədər yol yoxdur. Hərəkət hissə sahəsinin şəhərin ümumi sahəsinə bərabər nisbi göstəricisi Bakı üçün dünyada ən aşağılardan bidirir. Hazırda ölkədə şəhərin daxilində və ondan kənarda yolların tikintisi üzrə irimiqyaslı işlər aparılır. Bu sevindirici haldır, lakin bununla məhdudlaşmaq olmaz. Təkcə yolların genişləndirilməsinə deyil, həm də alternativ, paralel marşrutların yaradılması üçün onların saylarının artırılmasına çalışmaq lazımdır".
Dövlət strukturlarının hazırda müzakirə etdiyi "Böyük Bakının regional inkişaf planı" layihəsi 2030-cu ilədək dövrü əhatə edəcək.