Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanı 800 min nəfəri əhatə edəcək.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, bu məqsədlər üçün dövlət 700 milyon manatdan çox vəsait ayıracaq.
V.Qasımlı bildirib ki, dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb: “2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) və 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirmə olacaq. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur.”
İcraçı direktor bildirib ki, ödəniş ilk növbədə fiziki şəxslərin kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək: “Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox ola bilməz.” V.Qasımlı qeyd edib ki, Prezident Fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir: “Belə ki, Fərmanın əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan artıq vəsait ödəniləcək.”
V.Qasımlının sözlərinə görə Fərman həm də bank sektorunun maraqlarını nəzərə alıb: “10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Bunun üçün banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Eyni zamanda bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin olunacaq.”
V.Qasımlı deyib ki, Azərbaycan digər post-sovet ölkələrinə nisbətən problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoyub, həmçinin əhalinin maraqlarını daha yüksək səviyyədə nəzərə alıb:
“Problemli kreditlərin həlli Prezident İlham Əliyevin apardığı sosial xarakterli islahatların tərkib hissəsidir. 2019-cu il Azərbaycanda sosial rifah ilidir.”
Trend