Bəhram Bağırzadə: Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş səmimi mühitdə keçdi



Bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü dostluq və səmimi mühitdə keçdi.

Bunu Trend-ə Əməkdar artist, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyi və Karikaturaçılar Cəmiyyətinin üzvü, əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü, yazıçı, aktyor və rejissor Bəhram Bağırzadə deyib.

O deyib: “Mənim İlham Əliyevlə ilk görüşüm 1995-ci il sentyabrın 2-də “Parni iz Baku” komandasının qələbəsindən sonra onun kabinetində baş tutmuşdu. İlham Əliyevin dəstəyi sayəsində biz o dövrdə beynəlxalq arenada böyük uğurlara nail olduq. O zamandan təxminən 25 il ötüb və ölkə mədəniyyəti üçün çox işlər görülüb. Dünənki görüş zamanı mənə söz veriləndə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması xahişi ilə müraciət etdim. Mən müraciətimdə təəssüflə dedim ki, biz indiyədək həyat fəaliyyətinin bütün sahələrində Azərbaycanın inkişafına böyük töhfə vermiş görkəmli həmvətənimizə abidə ucaltmamışıq. Mənə diqqətlə qulaq asdığı və təkliflə razılaşdığı, eləcə də Zeynalabdin Tağıyevlə bağlı ailə xatirəsini danışdığı üçün Prezidentə təşəkkürümü bildirirəm”.

Prezident İlham Əliyev deyib: “Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın”.

B.Bağırzadənin sözlərinə görə, Prezident İlham Əliyevlə söhbət onun qəlbinə görkəmli həmvətənimiz Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılacağına təkcə ümid yox, həm də əminlik gətirdi:

“Mən həm də çox şad oldum ki, cənab Prezident mənim yaradıcılığımı izləyir və kitablarımı oxuyur”.

B.Bağırzadə abidənin Abdulla Şaiq adına Kukla Teatrının önündəki bağda ucaldılmasını təklif edib:

“Həmin yerdə kiçik postament ucaltmaq və Azərbaycan tarixində ilk dəfə atlara qoşulmuş fayton heykəli quraşdırmaq olar. Hacı Zeynalabdin Tağıyev bu faytonda oturub və gözəl şəhəri seyr edir”.
Şərhlər
Sosial bölməsinin xəbərləri