Yeni Park məhəlləsində infrastruktur və abadlıq işləri başlayıb



Ağ Şəhər ərazisində Xəzər dənizindən 25 metrədək hündürlükdə yerləşən Park məhəlləsində inşaat işləri davam edir. Şəhərin ən böyük parklarından olan Nizami parkının yaxınlığında yerləşən məhəlləsində yaşayış binaları, məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası və yeraltı avtodayanacaqlar nəzərdə tutulub.

Hazırda məhəlləsində 20 mərtəbəli yaşayış binalarının tikintisi başa çatır. Müasir üslublu binaların podiumlarının üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydançaları yerləşdirilir, ərazidə tikinti, quruculuq və abadlıq işləri aparılır. 7 metrlik piyada səkiləri boyunca ağaclar əkilir. Məhəllə sakinlərinin kommunal ehtiyaclarını ödəmək üçün elektrik, su, qaz, kanalizasiya, internet və IP TV xətləri çəkilir.

Yaxınlıqda tikiləcək "Ağ Şəhər" metro stansiyasının çıxışı isə Park məhəlləsini həm nəqliyyat baxımından əlverişli edəcək, həm də piyadaların Nobel prospekti boyunca keçidinə imkan yaradacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Park məhəlləsini əhatə edən Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə birləşdirilməsi istiqamətində işlər görülür. Eni 37 metr, uzunluğu 1550 metr olan 4 zolaqlı Mərkəzi Bulvar küçəsi Ağ Şəhərin yol şəbəkəsində vacib yer alır.

Park məhəlləsi ərazisinə təsadüf edən Nizami parkı ilə sərhəddə qədim istinad divarı və illər öncə Bakının ağ neft ehtiyacını ödəyən neft emalı qurğuları Qara şəhərin tarixi olaraq əraziyə inteqrasiya edilib. Yaşayış binalarından istinad divarı boyunca Olimpiya məhəlləsi istiqamətində rahat və təhlükəsiz piyada keçidi nəzərdə tutulub. Piyadalar həm də Ağ Şəhərin qərbindən Nizami parkınadək Nobel prospekti boyunca eni 20 metr olan yaşıl səki ilə gəzintidən həzz alacaqlar.

Nizami parkı uzun illər şəhər sakinləri tərəfindən sevilib. XIX əsrdə buraya gətirilən ağaclar indi də bağ landşaftında öz yerini alır. Burada yerləşən Nobel qardaşlarının ev-muzeyi turistlərin maraq doğuran ziyarət məkanlarındandır. Hazırda ərazisi 10 ha olan parkın sahəsinin Ağ Şəhərin Baş planına uyğun olaraq genişlənməsi nəzərdə tutulub. Abadlaşdırılacaq bağa müxtəlif rahat piyada keçidləri, eyni zamanda, avtoparkinq yerləri planlaşdırılıb. Aparılan tədbirlər Nizami parkının həm şəhər əhalisinin sevimli məkanına, həm də tədbirlərin keçirilməsi üçün populyar yerə çevrilməsini vəd edir.


Britaniyanın ATKİNS memarlıq şirkəti tərəfindən işlənilmiş məhəllə üzərində yerli memarlıq şirkətləri ilə birgə ABŞ-ın "CallisonRTKL" firması və Britaniyanın "Chapman Taylor Architects" şirkəti işləyib.

Park məhəlləsində "Chapman Taylor Architects" tərəfindən layihələndirilmiş özəl "Knightsbridge (Naytsbric) Residence" kompleksi qısa müddətdə ərazinin yaraşığına çevrilib. 34 ha ərazisi olan kompleksin memarlıq üslubu Londonun Naytsbric rayonundan ilhamlanıb. Kompleksin 7 binasından birinin fasad həlləri başa çatıb və daha 4 binanın tikintisi gedir. London bağları üslubunda hazırlanan landşaft isə özündə ağaclar, kollar və çiçəklikləri birləşdirir.

Ümumilikdə Park məhəlləsində infrastruktur və abadlıq işlərinin il ərzində yekunlaşması gözlənilir.


Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri