Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur
- 12.03.2019, 09:37,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Bununla bağlı həmin uşaqların valideynlərinə bildirişlər göndərilir.
LİVE.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.
Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistem tərəfindən avtomatik sorğu yerləşdirildikdən sonra valideynlər Şəxsi kabinetdən elektron "Ərizəni" çap edərək sentyabrın 15-dək müvafiq sənədlərlə birlikdə məktəbə təqdim edə bilərlər. Valideyn övladı üçün birinci sinifdə məktəb və ya müəllim seçimini dəyişmək istədiyi təqdirdə, 13 mart 2019-cu il tarixindən etibarən “Sorğunu sil” düyməsini sıxaraq yenidən seçim edə bilər.
Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə uşaqların qeydiyyatına martın 13-də start veriləcək. Ümumi təhsil məktəblərinin I siniflərinə elektron qeydiyyat prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.
Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə uşaqların qeydiyyatı elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qeydiyyat da elektron sistem vasitəsilə aparılacaq.