2020-ci ildən bütün ölkədə icbari tibbi sığorta sistemi tətbiq ediləcək
- 14.03.2019, 18:59,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda icbari tibbi sığorta haqlarının vergi idarəsi tərəfindən toplanması məsələsi nəzərdən keçirilməlidir.
LIVE.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, bunu Avropa İttifaqının tvinninq üzrə rezident müşaviri Qediminas Çerniauskas təşkilatın maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, icbari tibbi sığorta haqlarının və rəsmi azadolma məbləğlərinin tətbiqi xidmətlər zərfi ilə sinxronlaşdırılmalıdır.
Aİ rəsmisi tövsiyə edir ki, orta müddətdə səhiyyə sektorunun maliyyələşdirilməsində dövlət mənbələri üstünlük təşkil etməlidir: "Bahalı tibb texnologiyaları icbari tibbi sığorta tərəfindən qarşılanmalı və tibbi ehtiyacı olan əhali üçün əlçatan olmalıdır. Səhiyyədə dövlət maliyyəsinin payı artmalıdır. Tibbi xidmətlərin keyfiyyətinin artması orta və uzunmüddətli dövrdə əsas amil olmalıdır".
Q.Çerniauskas bildirib ki, 2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq ediləcək: "İcbari tibbi sığorta sisteminin tətbiqi ilə əhalinin tibbi ehtiyacları daha çox qarşılanacaq, qanunsuz ödənişlər aradan qaldırılacaq, tibb işçiləri qanuni şəkildə əldə edilmiş münasib gəlirlə təmin ediləcək".
Aİ müşaviri 2020-2023-cü illərdə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə Azərbaycanın əldə edə biləcəyi nəticələri də açıqlayıb.
Onun sözlərinə görə, qeyd edilən müddətdə həkimə müraciətlərlə ölçülən səhiyyə xidmətlərinə əlçatanlıq və xəstəxanalara qəbul Avropanın qabaqcıl ölkələrinin səviyyəsində olacaq: "Məhsuldarlıq artsa, Azərbaycan lazımi tibbi xidməti göstərmək üçün bütün imkanlara malikdir. Məhsuldarlıq (xəstəxanada orta yatma müddəti, həkimə müraciət, doluluq dərəcələri) Aİ üzv dövlətləri səviyyəsinə çatmalı və ya ona yaxın olmalıdır. Azərbaycan keyfiyyətin artırılması, köməkçi xidmətlərlə (qeydiyyat, qidalanma) bağlı böyük imkana malikdir. Əhalinin yüksək etimad səviyyəsinə nail olmaq tibbi xidmətə əlçatanlıq və onun keyfiyyətin davamlı artırılmasının təmin edilməsi ilə mümkündür".