Azərbaycanda istehsal olunacaq A-98 markalı benzin yaşıl rəngə boyadılacaq
- 24.04.2013, 23:29,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ARDNŞ benzin markalarının fərqləndirilməsi məqsədilə onların rəngə boyadılması haqqında açıqlamaların bəzən ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırılmasını nəzərə alaraq bir daha bildirir ki, 2013-cü ilin yanvar ayından istehlakçıların hüquqlarının qorunması məqsədilə A-92 və A-95 markalı benzinlərin fərqləndirilməsi üçün A-92 növlü avtomobil benzininin qırmızı rəngə boyadılmasına başlanılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, artıq 2013-cü ilin aprelində avtomobil benzinlərinin dövlət standartında da 2 saylı dəyişiklik edilib, A-95 və A-98 markalı benzinlərin hazırlanması zamanı istifadə ediləcək oksigenatların (oksigen tərkibli karbohidrogenlərin) növləri və miqdarı haqqında normativ məlumatlar verilib. Dəyişikliyə əsasən, bu benzinlərin fərqləndirilməsi üçün hazırda istehsal olunan A-92 markalı benzinin qırmızı rəngdə boyanması həyata keçirilir, gələcəkdə istehsal olunacaq A-98 markalı benzinin isə yaşıl rəngə boyadılması nəzərdə tutulur.
Qeyd edək ki, 1980-ci ilə kimi Heydər Əliyev adına Bakı neft emalı zavodunda 4 növdə - A-66, A-72, A-76 və A-93 markalı avtomobil benzinləri istehsal edilib. Zavodda iri məhsuldarlığa malik katalitik riforminq qurğusu istismara verildikdən sonra respublikada istehsal olunmuş avtomobil benzinlərinin kəmiyyət və keyfiyyət göstərcilərində müsbət dəyişikliklər baş verib, istehsal 25,8% artıb, aşağı keyfiyyətli A-66 növlü benzinin istehsalı isə tamamilə dayandırılıb. 1990-cı ildə A-92 markalı yüksək oktanlı benzinlərin istehsalına başlanılıb, həmin il iki növdə - A-92 və A-93 markalı benzinlər istehsal olunub. 1991-ci ildə A-93 markalı məhsulun istehsalı dayandırılıb, A-92 markalı benzinin istehsalı isə davam etdirilib. A-72 markalı avtomobil benzininin istehsalı 1994-cü ildən dayandırılıb. 1996-cı ildə isə A-95 markalı benzinin istehsalına başlanılıb.
Hazırda H.Əliyev adına BNEZ-də 3 növ benzin (A-92, A-95 və A-80 markalı benzinlər) istehsal edilir. Bu məhsulların 94,6%-ni A-92, 4,7%-ni A-95, 0,8%-ni isə A-80 markalı benzinlər təşkil edir.