Azərbaycana daha çox səfər edənlər Rusiya və Gürcüstan vətəndaşları olub

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gələnlərin 29,8 faizi Gürcüstan, 27,6 faizi Rusiya, 12 faizi Türkiyə, 5,8 faizi İran, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Pakistan, 1,4 faizi İraq, 14,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 72 faizini kişilər, 28 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-fevral aylarında səyahət edənlərin sayında daha çox artım Misir (2,8 dəfə), Hindistan (1,8 dəfə), Pakistan (1,8 dəfə), Türkmənistan (1,6 dəfə), Macarıstan (47,7 faiz), Çin (32,7 faiz), Yaponiya (32,3 faiz), Oman (24,4 faiz), Cənubi Koreya (23,8 faiz), Gürcüstan (23,7 faiz) və Polşa (21,3 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 faiz artaraq 11,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,9 faiz azalaraq 121,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,9 faizi dəmir yolu və avtomobil, 35,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri