Bakıda Novruz festivalı başlayır



Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu gündən “Sahil bağı”nda Novruz festivalına başlanılır.

Agentlikdən Trend-ə verilən məlumata görə, festival martın 24-dək davam edəcək.

Festival çərçivəsində keçiriləcək tədbirlərin olacağı ərazi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya ediləcək, tematik olaraq bir neçə hissəyə bölünəcək. Həmçinin ərazidə istirahət, satış, səhnə və əyləncə üçün xüsusi sahələr ayrılacaq.

Şənliklər hər gün saat 11-dən 21:00-dək, martın 19, 20 və 21-də isə 23:00-dək davam edəcək. Şənliklərdə dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənərkarların əl işləri nümayiş etdiriləcək, master-klasslar göstəriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq.

Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqram təqdim olunacaq.

Festivalda UEFA-nın Avropa liqasının finalının brend zonası yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək.

İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qız, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (muzikal) nümayiş etdiriləcək.

Musiqili teatr 3 gün boyunca axşam saat 8-dən etibarən festival ziyarətçilərinə təqdim olunacaq. Teatrda Novruz bayramı ilə bahar fəslinin sevgisi, xeyir və şərin əbədi mübarizəsi, sonda sevginin və xeyirin qalibiyyəti təsvir olunur.

Qeyd olunan tədbirlər xalqımız tərəfindən min illərdir qorunub yaşadılan və qədim adət-ənənələri özündə ehtiva edən Novruz bayramına yeni müasir baxışı yeni turizm brendimiz “bir daha bax” konsepsiyasına uyğun olaraq əks etdirəcək.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri