Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Tədbirdə Azərbaycan çempionu “Neftçi”nin də potensial rəqibləri müəyyənləşib.
Qeyd edək ki, komandamız ikinci təsnifat mərhələsində Albaniya çempionu “Skenderbeu” ilə mübarizə aparır. “Ağ-qaralar” bu rəqibini keçəcəyi halda hansı komanda ilə qarşılaşacağını məhz indidən öyrənib. Maraq üçün qeyd edək ki, təmsilçimiz “Skenderbeu” ilə ev oyununda 0:0 hesablı heç-heçəyə razılaşdığından hələlik mərhələ keçəcəyi sual altındadı və hər şeyə iyulun 23-də keçiriləcək cavab görüşündə aydınlıq gələcək.
“Neftçi” üçüncü təsnifat mərhələsinin püşkatması zamanı “səpələnməmişlər” səbətində yer alıb. Bu isə o demək idi ki, təmsilçimizi bu mərhələnin püşkatması zamanı daha güclü rəqiblər gözləyirdi. Komandamızın potensial rəqiblərinin əksəri ikinci təsnifat mərhələsində çıxış edən klublar idi. Amma “Basel”, APOEL və “Austria” mübarizəyə məhz üçüncü təsnifat mərhələsindən başlayacaq komandalardı ki, “ağ-qaralar”ın bəxtinə bu üç “nəhəng”dən də biri düşə bilərdi.
Püşkatmadan az əvvəl “Neftçi”nin potensial rəqiblərinin yekun və konkret siyahısı da müəyyənləşmişdi. Komandamız üçüncü təsnifat mərhələsinə vəsiqə qazansa, aşağıdakı klublardan biri ilə görüşməli olacaqdı:
* Austria (Avstriya)
* BATE (Belarus) – "Şaxtyor" (Qazaxıstan) cütünün qalibi
* "Celtic" (Şotlandiya) – "Cliftonville" (Şimali İrlandiya) cütünün qalibi
* "Viktoria" – "Zeljezniçar" (Bosniya və Herseqovina) cütünün qalibi
* "Dinamo" (Zaqreb, Xorvatiya) – "Fola" (Lüksemburq) cütünün qalibi
Püşk isə komandamızın bəxtinə məhz BATE - "Şaxtyor" cütünü çıxarıb. Maraq üçün qeyd edək ki, bu komandalar arasında Belarusda keçirilmiş görüşdə BATE sensasion şəkildə rəqibinə 0:1 hesabıyla məğlub olub. İyulun 23-də Qazaxıstanda keçiriləcək cavab matçının necə başa çatacağı isə maraqla gözlənilir.
“Neftçi” mərhələ adlasa, potensial rəqiblərindən biri ilə ilk oyunu səfərdə keçirəcək. Cavab görüşü isə Bakıda olacaq.
Bütövlükdə isə, üçüncü təsnifat mərhələsində aşağıdakı cütlüklər mübarizə aparacaqlar:
"Basel" (İsveçrə) - "Gyori ETO" (Macarıstan)/"Maccabi" (Təl-Əviv, İsrail)
"Sligo" Rovers (İrlandiya)/"Molde" (Danimarka) - TNS (Uels)/"Legia" (Polşa)
"Slovan" (Slovakiya)/"Ludogorets" (Bolqarıstan) - "Shirak" (Ermənistan)/"Partizan" (Serbiya)
"Dinamo" (Tiflis, Gürcüstan)/"Streymur" (Farer adaları) - "Steaua" (Rumıniya)/"Vardar" (Makedoniya)
APOEL (Kipr) - "Birkirkara" (Malta)/"Maribor" (Sloveniya)
"Celtic" (Şotlandiya)/"Cliftonville" (Şimali İrlandiya) - "Elfsborg" (İsveç)/"Daugava" (Latviya)
BATE (Belarus)/"Şaxtyor" (Qazaxıstan) - "Neftçi" (Azərbaycan)/"Skenderbeu" (Albaniya)
"Austria" (Avstriya) - Ekranas (Litva)/Hafnarfjordur (İslandiya)
HJK (Finlandiya)/"Nomme Kalju" (Estoniya) – "Viktoria" (Çexiya)/"Zeljezniçar" (Bosniya)
"Dinamo" (Zaqreb, Xorvatiya)/"Fola" (Lüksemburq) - "Sheriff" (Moldova)/"Sutjeska" (Monteneqro)
"Nordsjelland" (Danimarka) - "Zenit" (Rusiya)
"Salzburg" (Avstriya) - "Fenerbahçe" (Türkiyə)
PAOK (Yunanıstan) - "Metallist" (Ukrayna)
"Olympique" (Lion, Fransa) - "Grasshopper" (İsveçrə)
PSV (Hollandiya) - "Zulte Waregem" (Belçika)
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları iyulun 30-31-də və avqustun 6-7-də keçiriləcək.