Xəzərin Azərbaycan hissəsinin adaları, palçıq vulkanları rusiyalı alimlərlə birgə öyrəniləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunun direktoru M.Qolovatinin dəvəti ilə həmin institutda elmi ezamiyyətdə olub.

Trend-in AMEA-ya istinadən verdiyi məlumata görə, əsas məqsəd Ural dairəsi ilə Azərbaycan ərazilərinin bioloji müxtəlifliyinin, o cümlədən Xəzər hövzəsi çaylarının hidrofaunasının müqayisəli analizinin tədqiqi, həmçinin birgə əməkdaşlıq müqaviləsinin hazırlanması olub.

E.Yusifov institutun elmi şura və seminarında çıxış edərək Azərbaycanın fauna müxtəlifliyi, Zoologiya İnstitutunda bu istiqamətdə aparılmış elmi tədqiqatlar və alınmış nəticələr barədə məlumat verib. Azərbaycanlı alim birgə fəaliyyət barədə təkliflərini səsləndirib.

Rusiyalı həmkarlara birgə multidisiplinar tədqiqatlar aparılması, Xəzərin bioloji müxtəlifliyinin öyrənilməsi, Xəzərin fauna kadastrının hazırlanması, beynəlxalq laboratoriyanın yaradılması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin kateqoriya və statusunun öyrənilməsi, Ural və Kür çaylarının hidrofaunasının müqayisəli analizi, Xəzər suitisi və Arktika suitilərinin filogeniyasının tədqiqi, birgə paleozooloji tədqiqatlarını aparılması təklif edilib. Eyni zamanda, Xəzərin Azərbaycan hissəsinin adalarının, palçıq vulkanlarının bioloji müxtəlifliyinin öyrənilməsi, köçəri quşların miqrasiya yollarının birgə öyrənilməsi, "Avrasiyada heyvanların ekologiyası" adlı beynəlxalq jurnalın dərc edilməsi üzrə razılıq əldə edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri