Azərbaycan “Yeni İpək Yolu” marşrutunda unikal coğrafi mövqeyə malikdir – ekspert
- 27.03.2019, 20:44,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan “Yeni İpək Yolu” marşrutunda unikal coğrafi mövqeyə malikdir. Bunu Trend-ə açıqlamasında Mərkəzi Asiya üzrə ekspert Brüs Panyer deyib.
O bildirib ki, Çindən dəmir yolları Qazaxıstandan keçməklə bu ölkənin Xəzər dənizindəki limanlarına çatır: “Eləcə də Türkmənistanın Türkmənbaşı limanına çatması mümkündür və buradan da yüklər gəmilər vasitəsilə Azərbaycana çatdırıla bilər. Daha sonra həmin yüklər dəmir yolu ilə Gürcüstana və Türkiyəyə göndərilə bilər. Bu məhsullarən, həmçinin Gürcüstanın Qara dəniz limanlarından Rumıniya və Bolqarıstana, oradan da Avropa ölkələrinə daşınması mümkündür. Öz növbəsində, Avropadan və Türkiyədən yüklər eyni marşrutla şərq istiqamətinə çatdırıla bilər”.
Ekspert hesab edir ki, bütün hallarda yüklər Azərbaycan ərazisindən daşınır və müvafiq olaraq Azərbaycan dəmir yolu infrastrukturundan istifadəyə, eləcə də Xəzərin Azərbaycan sahilindən yükləmə və boşaltmaya görə rüsum ala bilər: “Gəlirin məbləği əlbəttə ki, yük axınının sıxlığından asılı olacaq. Amma bu marşrutla mütəmadi yük daşınacağı üçün ölkə xəzinəsinə stabil gəlir daxil olacaq”.
B.Panyer əlavə edib ki, Çindən Rusiya ərazisindən keçməklə yüklərin Avropaya yalnız dəmir yolu ilə daşınması daha tez başa gələ bilər. Bununla belə, Çində hesab edirlər ki, “Yeni İpək Yolu” dəniz marşrutlarını da əhatə edir və Azərbaycan limanlarının kənarda qalmayacağını təmin edir:
“Bundan başqa, İranı və Rusiyanı Azərbaycan vasitəsilə birləşdirən “Şimal-Cənub” dəmir yolu marşrutu da var. Bu marşrutla daşınan yüklər Azərbaycanda boşaldılıb qərb istiqamətində Türkiyə və Qara dəniz regionuna çatdırıla bilər”.
O vurğulayıb ki, “Yeni İpək Yolu” iddialı layihədir, ticarət marşrutlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasın istiqamətlənib. Uğur qazanılacağı təqdirdə, trilyon dollar dəyərində olan bu şəbəkə onlarla ölkəni birləşdirəcək:
“Daha az zəngin olan bir çox ölkələr bu siyahıya daxildir və “Yeni İpək yolu” bu ölkələrə məhsullarının ixracı baxımından zəruri imkanlar təklif edir. Çinin maliyyə müəssisələri isə həmin ölkələrin şəbəkəyə qoşulması üçün böyük vəsait təqdim edir”.
Ekspert bildirib ki, bu layihəyə cəlb olunmuş istənilən ölkə qlobal ticarət-nəqliyyat şəbəbəsinə qoşulmaqdan faydalanacaq: “Bu, bir sıra ölkələrə nisbi təcrid vəziyyətindən çıxmağa kömək edəcək. Digər ölkələr də tranzit yığımlarından qazanacaq”.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Azərbaycan ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri və davamlı inkişaf məsələləri əməkdaşlığın zəruriliyin, həmçinin “Enerji tərəfdaşlığı – Bir kəmər, bir yol”un yaradılmasına dəstəyin əks olunduğu bəyannamə imzalayıb.
“Bir kəmər, bir yol” təşəbbüsü Çin Xalq Respublikasının Sədri Si Cincin tərəfindən 2013-cü ildə qədim ticarət yolu boyunca Asiya ilə Avropa və Afrikanı birləşdirən ticarət və infrastruktur şəbəkəsinin tikintisi məqsədilə irəli sürülüb.
2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində Azərbaycan və Çin hökumətləri arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə Azərbaycanın bu təşəbbüsə dəstəyi qeyd olunub.