Azərbaycana xaricdən göndərilən pul baratlarının dəyəri 6%-dək artıb


2018-ci ildə Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2,9 mlrd. dollarlıq kəsir, qeyri-neft sektoru üzrə isə 390 mln. dollarlıq profisit yaranıb.

LIVE.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir ötən ilin eyni dövrü ilə müqayisədə 40% artaraq 2,5 mlrd.dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5,7 mlrd. dollar olub. Bunun 71,5%-i (4,1 mlrd.dolları) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (2,8 mlrd.dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (358,1 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (488,2 mln. dollar) təşkil edir. Qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansının profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artması dövlət sektorunun idarəetmədən gəlirlərinin artması ilə əlaqədardır.

Hesabat dövründə təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,6 mlrd. dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 1,2 mlrd. dollar, ödənişlər isə 436,8 mln. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92,4%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6,3%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 1,3%-i isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 5,8% artaraq 1,1 mlrd.dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 5,4% artaraq 361,4 mln. dollar təşkil edib. Nəticədə pul baratları üzrə 718,3 mln. dollar müsbət saldo yaranıb.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu 3,2% artaraq müsbət 731,4 mln. dollar təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri