Prezident Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Dövlətimizin başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad etdi.

Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissənin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlətimizin başçısına məlumat verildi ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izlədi.



Şərhlər
Siyasət bölməsinin xəbərləri