Bakıda şagirdin intihar faktına görə cinayət işi başlanıb



Bakıda şagirdin intihar faktına görə cinayət işi başlanıb 


Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölümünə görə cinayət işi başlanıb.

LİVE.az report-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır.

Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Təhsil İdarəsi tərəfindən müvafiq araşdırmalar aparıldığı bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərinə araşdırmaların nəticələrini gözləmək tövsiyə edilir.

Onu da qeyd edək ki, bəzi KİV-lərdə hadisənin başvermə səbəbləri ilə bağlı insanların heysiyyatına toxunan əsassız məlumatlar yayılır və bu kimi hallar peşəkar media prinsiplərinə ziddir.

///

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb

14:16 04/04/19


Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

“Report” xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

///

162 nömrəli tam orta məktəbdən "Report"a bildirilib ki, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb: "İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Şagirdin ayağında sınıq var. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır".
Şərhlər
Sosial bölməsinin xəbərləri