Ölkədə istismara qəbul olunmamış çoxmənzilli binaların sayı açıqlandı - 434

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı görülmüş işlərin, habelə qarşıya çıxan problemlərin müzakirəsi mövzusunda müşavirə keçirilib.

FHN-dən Trend-ə verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov dövət başçısının 19 fevral 2019-cu il tarixində imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının əhəmiyyətindən danışıb. Ə.Əsədov xüsusilə vurğulayıb ki, vətəndaşlar tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış çoxsaylı müraciətlərə cavab olaraq, ölkə başçısı növbəti dəfə humanizm nümayiş etdirərək imzaladığı bu fərmanla yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha sübut etdi. Prezidentin köməkçisi onu da əlavə edib ki, bu Fərmanın əsas məqsədi insanların normal yaşayışının təmin edilməsidir. O, qeyd edib ki, Fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı görülən işlər dövlət başçısının nəzarəti altındadır.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Prezident İlham Əliyev tərəfindən növbəti dəfə böyük humanistlik göstərilərək, uzun müddət istismarda olan, lakin müvafiq dövlət orqanları tərəfindən istismara qəbul olunmayan çoxmənzilli yaşayış binalarının istismara qəbulunun sadələşdirilməsi ilə bağlı 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərman imzalanıb. Bu Fərmanın imzalanmasının möhtərəm Prezidentin xalqımızın sosial rifahının daha da yüksəldilməsi istiqamətində atdığı növbəti mühüm addım adlandıran nazir, bu ilin martın 14-də keçirilmiş ilk müşavirəni xatırladaraq bildirib ki, ötən müddət ərzində aidiyyəti qurumlar tərəfindən lazımi işlər görülüb və bu proses fasiləsiz olaraq davam etdirilir. K.Heydərov vurğulayıb ki, hazırda respublika üzrə istismara qəbul olunmamış çoxmənzilli yaşayış binlarının sayı 434 ünvan təşkil edir ki, bunun da 381-i Bakı şəhərindədir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir deyib ki, 15 aprel 2019-cu il tarixinə kimi bu qərargahda 227 yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib. Binalarda müayinə işlərinin yekunlaşdığını, bunun əsasında aşkar edilən çatışmazlıqlarla bağlı görüləsi işlərin tez bir zamanda müəyyən olunacağını bildirən nazir onu da əlavə edib ki, 14 binaya dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Nazir işlərin Fərmanla müəyyən olunmuş zamanda həyata keçirilməsinin və aşkar edilən çatışmazlıqların operativ aradan qaldırılmasının vacibliyini bildirib.

Müşavirədə digər qurumların rəhbərləri ötən müddətdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.

Sonra Fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri