Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçıları 2020-ci ildə yürüşü 2016-cı ildə - bu yürüş Bakıda ilk dəfə keçiriləndə də olduğu kimi, iyun ayında keçirmək istədiklərini təsdiqləyiblər. Hərçənd, gələn il Bakıda futbol üzrə Avropa çempionatının bir neçə matçı – iyunun 13, 17 və 21-də qrup oyunları, iyulun 3-də isə dörddəbir final görüşü keçiriləcək. Lakin bu vəziyyət promouterləri narahat etmir, əksinə, onlar istərdilər ki, Qran-Pri bu oyunlarla eyni vaxta düşsün.
LIFE Azerbaijan AZƏRTAC-a istinadla xəbər verir ki, heç də hər şey promouterlərin istəyindən asılı deyil – təqvimdə ciddi dəyişikliklər edilmədən Bakıdakı yürüşləri iyun ayında keçirmək logistika baxımından asan olmayacaq, çünki komandalar elə həmin ayda Kanadaya uçmalı olacaqlar.
Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov deyib: “Gələn il keçiriləcək yarışlarla bağlı bəzi mürəkkəb məqamlar var, çünki biz futbol üzrə Avropa çempionatının üç qrup oyununa və bir dörddəbir final oyununa ev sahibliyi edəcəyik. İstərdik ki, Qran-Pri də iyun ayında keçirilsin. Buna görə bir məsələni aydınlaşdırmaq lazımdır: bizim bu tədbiri keçirə biləcəyimiz zaman fasiləsi varmı?
Biz istərdik ki, iyun ayına qayıdaq. İlin bu vaxtında Bakıda havanı proqnozlaşdırmaq daha sadə, konstruksiyaların ucaldılması daha asan, küləkli və yağışlı havalar az olur. Bütövlükdə, iyun ayında hava nisbətən isti olur. Futbol və Formula 1 yarışlarının eyni vaxta salınması əla olardı, bu halda üç həftəlik festival alınardı, amma baxarıq...
Formula 1-də logistika ilə bağlı müəyyən məhdudiyyətlər var. Biz onlara müəyyən dərəcədə əməl etməliyik və yürüşləri həmin vaxtda faktiki keçirə bilib-bilməyəcəyimiz onlardan asılıdır. Ənənəyə görə iyun ayında Kanada Qran-Prisi keçirilir, Avropada bir neçə yürüş, məsələn, Fransa Qran-Prisi nəzərdə tutulur. Beləliklə, Bakıda yürüşün keçirilməsi logistika baxımdan əsaslandırılmalıdır.
Yüklərin bir yürüşdən digərinə necə çatdırılması bizim işimiz deyil, bunu Formula 1-də özləri ayırd etməlidir. Bakı Qran-Prisi səyyar mərhələdir, səyyar mərhələlər isə adətən yayda keçirilmir. Gələn il onların bizə kömək məqsədilə müəyyən dəyişikliklər edib-etməyəcəklərini bilmirəm, lakin bu barədə düşünməyin vaxtıdır. Bir mövsüm ərzində 22-24 yürüş keçirmək imkanını nəzərə alsaq, müxtəlif ssenarilərə hazır olmaq lazımdır”.