Tom Buçer: Bakı trasında asfaltla bağlı heç bir problem yoxdur, pilotlar narazılıq etmir



Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən gün Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 üzrə sərbəst yürüş zamanı bolidin drenaj qapağına ilişməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

 BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bununla bağlı keçirilən mətbuat konfransında bildirib ki, bu cür hadisələr digər ölkələrdə də baş verir: “Biz treki hazır vəziyyətə gətirib Beynəlxalq Avtomobil Federasiyasına (FİA) təhvil veririk. FİA-nın mütəxəssisləri treki yoxlayıb qərar verdikdən sonra yarış keçirilir. Onun icazəsi və qərarı olmadan heç bir yürüş keçirilə bilməz. Hadisəyə gəlincə, illərlə Formula 1 yarışları keçirilən ölkələrdə də bu cür hadisələr baş verir. Bizdə də bu cür hadisənin baş verməsi normaldır. Özü də bu hadisə yarış zamanı deyil, test yürüşündə baş verib”.

Şöbə rəhbərinin sözlərinə görə, bu hadisə, əsasən yerli tamaşaçılar tərəfindən müzakirə edilib, xarici tamaşaçılar bunu normal qəbul edib, hətta maraqla qarşılayıb: “Xarici tamaşaçılar bildirirlər ki, Azərbaycanda keçirilən test yürüşü Çin Qran prisindən daha maraqlıdır”.

BŞH-nın Tikinti şöbəsinin rəhbəri Tom Buçer isə bildirib ki, hadisə baş verəndən dərhal sonra FİA mütəxəsisləri ilə birgə əraziyə baxış keçirildi: “FİA mütəxəsisləri ilə 3 toplantı keçirildi, trekdə olan bütün drenaj qapaqları yenidən yoxlanılıb və digər təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçirilib. FİA bizim 16 saat ərzində gördüyümüz bu işləri yüksək qiymətləndirib və yarışların davam etdirilməsinə icazə verib”.

T.Buçer əlavə edib ki, ümumilikdə FİA-nın asfalt qatı ilə bağlı heç bir iradı yoxdur, pilotlardan da heç bir narazılıq bildirilməyib.

Qeyd olunub ki, drenaj qapağının bolidə toxunması nəticəsində bolidə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcək.


Trend 
Şərhlər
İdman bölməsinin xəbərləri