Prezident Pekində "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib



Aprelin 27-də Pekində ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu öz işini davam etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökumət başçılarını salamladı.


Si Cinpin çıxışında artıq ikinci dəfə baş tutan Forumun uğurla keçdiyini, onun ölkələr arasında əməkdaşlıq baxımından yeni imkanlar açdığını dedi. O, dünyada yeni əməkdaşlıq formatı yaradan "Bir kəmər, bir yol" təşəbbüsünün qlobal iqtisadiyyatın inkişafına və qədim İpək Yolunun yenidən canlandırılmasına təkan verəcəyini deyərək Forumda iştirak edən dövlət və hökumət başçılarına təşəkkürünü bildirdi.


Forumun birinci sessiyası “İnkişaf üçün yeni mənbələrin araşdırılması məqsədilə əməkdaşlığın təşviqi”nə həsr olundu.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Prezident İlham Əliyev Forumun "Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması" mövzusuna həsr olunan ikinci sessiyasında da iştirak etdi.


Daha sonra dövlətimizin başçısı "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan üçüncü sessiyada iştirak etdi.

Bu sessiyada çıxış edən Prezident İlham Əliyev dəvətə görə Çin Xalq Respublikasının sədri Si Cinpinə təşəkkür etdi. Dövlətimizin başçısı Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Çin xalqını təbrik etdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Çin tərəfdaş ölkələrdir. Dövlətimizin başçısı 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.


Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaratmışdır. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir.


Dövlətimizin başçısı bildirdi ki, nəqliyyat infrastrukturu sahəsində Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir. Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib. Biz xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizində çox fəal iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda hava nəqliyyatı infrastrukturu yaradılıb. Belə ki, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Nəqliyyat və enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir.

Azərbaycan Prezidenti dedi ki, “Bir, kəmər, bir yol” təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri aprelin 27-də başa çatıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri