Azərbaycanda 2000-ə yaxın yaşayış məntəqəsi daşqın və subasma riski altındadır



Azərbaycanda əhalisi 2 milyon nəfərdən çox olan 2000-ə yaxın yaşayış məntəqəsinin daşqın və subasma riski altında olması müəyyənləşdirilib.

Bunu Trend-ə tədqiqatı aparmış Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda daşqın və subasma hadisəsi son illərdə ölkə iqtisadiyyatına vurduğu zərərə görə bütün təbii fəlakətləri üstələyib. Ona görə də Azərbaycanda daşqın və subasmanın təsərrüfat sahələrinə və yaşayış məntəqələrinə vurduğu zərərlərdən asılı olaraq rayonlaşdırılması aparılıb.

N.Paşayev əlavə edib ki, Göyçay bölgəsi istisna olmaqla, bütövlükdə Aran iqtisadi rayonunun ərazisi daşqın və subasmanın daha çox ziyan vurduğu rayona daxildir: "Bu rayonda əhalisi 1500 min nəfərdən çox olan 700-dən artıq yaşayış məntəqəsi daim daşqın və subasma təhlükəsi altınaddır. Son 20 ildə bu rayonda 2003,2006 və 2010-cu illərdə baş verən daşqın və subasmalar daha geniş əraziləri əhatə edib və respublika iqtisadiyyatına 1 milyard manatdan çox ziyan dəyib. Daşqın və subasmalar nəticəsində bu rayonun iqtisadiyyatına orta hesabla hər il 30-50 milyon manat həcmində ziyan dəyir".

Alim qeyd edib ki, daşqın və subasmanın çox ziyan vurduğu rayona Şəki-Zaqatalada Qanıx-Əyriçay ovalığı, Naxçıvan Muxtar Respublikasında Arazboyu düzənliklər, Lənkəran-Astara iqtisadi rayonunda Lənkəran ovalığı, Quba-Xaçmazda Samur-Dəvəçi ovalığı daxildir. Hazırda bu rayonda əhalisi 1 milyondan çox olan 600-dən artıq yaşayış məntəqəsi daşqın və subasma təhlıükəsi olan ərazilərdə yaşayır.

Daşqın və subasmanın orta dərəcədə ziyan vurduğu rayona Abşeron iqtisadi rayonu, Dağlıq Şirvan və Gəncə-Qazax iqtisadi rayonlarının dağətəyi düzənlikləri, Göyçay, Tərtər, Ağdam, Füzuli və Qusar bölgələri daxildir. Bu rayonda əhalisi 400 mindən nəfərdən çox olan 200-ə yaxın yaşayış məntəqəsi daşqın və subasma təhlükəsi altındadır.

Daşqın və subasmanın az ziyan vurduğu rayona Şəki-Zaqatala, Naxçıvan Muxtar Respublikası və Lənkəran-Astara iqtisadi rayonlarının alçaq və orta dağlıq hissələrini, Ağstafa, Tovuz, Qazax, Samux bölgələrinin əraziləri əhatə edir. Bu rayonda əhalisi 90 min nəfər olan 150-dən çox yaşayış məntəqəsi daşqın və subasma riski altındadır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri