Kent: ABŞ-la Azərbaycan arasında hava məkanı ilə bağlı problem yoxdur

ABŞ-la Azərbaycan arasında hava məkanı ilə bağlı problem yoxdur.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib.

O bildirib ki, Azərbaycanla NATO arasında hər hansısa problemin olub-olmaması barədə məlumatı yoxdur:

"Uçuşlara gəldikdə, fikrimcə bir sıra ikitərəfli razılaşmalar var. Məsələn, ABŞ və Azərbaycan arasında razılaşma mövcuddur. Hesab edirəm ki, Azərbaycanla Almaniya arasında bir sıra məsələlər barədə eşitmiş ola bilərsiniz. Mənə məlum olduğu qədər NATO ilə Azərbaycan arasında heç bir problem yoxdur. Sizi əmin edə bilərəm ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında da hava məkanı il bağlı problem yoxdur".

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilmişdi ki, bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO üzv ölkələri üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil.

Azərbaycan XİN-nin məlumatında deyilirdi: "Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir:

"Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanının təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və proseduralarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır".
Şərhlər
Siyasət bölməsinin xəbərləri